Kirovdakı soydaşlarımız “Ölməz alay” yürüşündə iştirak edib

Mayın 9-da Rusiya Federasiyasının Kirov şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü münasibətilə yürüş keçirilib.

“Ölməz alay” adı ilə məşhur olan bu yürüşdə kirovlularla yanaşı, şəhərin qonaqları, Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzininin təşkilatçılığı ilə soydaşlarımız da iştirak edib. Azərbaycan diasporunun nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olmuş həmvətənlərimizin şəkillərini tutaraq Kirov şəhərinin mərkəzi küçələri boyunca davam edən yürüşdə iştirak ediblər. Sonda isə yürüş iştirakçıları Kirov şəhərinin mərkəzində İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar. “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyev “Diaspornews.az”a bildirib ki, 9 may günündə belə yürüşün keçirilməsi artıq ənənəyə çevirilib: “Kirovdakı Azərbaycan diasporu da hər zaman bu yürüşlərdə fəal iştirak edir. Bu aksiya üçün biz xüsusi hazırlaşırıq. Biz bu yürüşlərdə Azərbaycanın dövlət bayrağını uca tuturuq və bu tədbirdə çox böyük fəxrlə iştirak edirik. Çünki Azərbaycan xalqı İkinci Dünya müharibəsinin ən vacib iştirakçılarından biri olub və qələbənin əldə edilməsində xüsusi rol oynayıb. Ona görə də bu yürüşdə müharibədə iştirak etmiş ata-babalarımızın portiretlərini də qürur hissi ilə əlimizdə tuturuq. Bu gün çox sevinirik ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi və belə zəfər yürüşünü Qarabağda, Şuşada etdi”.