Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 11 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Qafar Səfərov evdə arvadı, zərərçəkmiş Səma Səfərova (şərti) ilə ondan xəbərsiz mobil telefon istifadə etməsi, həmin telefonun təhlükəsizlik kodunu ona bildirməməsi səbəbindən ailədaxili münasibətlər zəminində mübahisə edib. Bu zaman Qafar qadının üzərinə hücum edib, yumruq və təpiklə qəsdən onun baş, sifət, əl və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, zərərçəkmişə xəsarətlər yetirib.
Daha sonra Səma Səfərovanın şikayəti əsasında Qafar Səfərov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.