Komitə əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımı hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunub. Bəşəriyyətin XX əsrin sonlarında baş verən bu dəhşətli faciəsinin 34-cü ildönümündə Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri “Ana harayı” abidəsini ziyarət edib.

Abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Məlumat üçün bildirək ki, dünyadakı Azərbaycan icmaları və diaspor fəalları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar 80-dən çox anım tədbiri keçirir.

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əvvəlcə Vətən müharibəsində qalib gələrək, sonra isə uğurlu antiterror əməliyyatları keçirərək dövlət suverenliyimizi bərpa edib, tarixi torpaqlarımızı, o cümlədən Xocalını separatçılardan təmizləyib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Xocalı soyqırımını törədənlər, əli Azərbaycan xalqının qanına batan canilər öz cəzalarını almaqdadırlar. Bu gün Xocalıda üçrəngli bayrağımız dalğalanır, düşmənin viran qoyduğu yurdlarımız abadlaşır, məcburi köçkünlər öz evlərinə qayıdır.