“Konstitusiya” Araşdırmalar Fondu məhkumlara hüquqi yardım layihəsini uğurla icra edib

Layihə çərçivəsində 14 cəzaçəkmə müəssisəsində monitorinq aparılıb və 382 məhkuma hüquqi yardım göstərib, 461 nəfər seminarara cəlb edilib, 4000 məhkuma buklet paylanıb

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən "Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi çərçivəsində 14 müəssisədə monitorinq keçirilib. Layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.

Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Layihə çərçivəsində ümumilikdə 382 məhkuma hüquqi məsləhətlər verilib, onlar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb, həmçinin apelyasiya şikayətləri yazılıb.

Layihə çərçivəsində, həmçinin, cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Ümumilikdə, 14 belə monitorinqlər keçirilibr. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və mövcud çətinliklərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və vəkilləri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olmuşdur.

Hər bir monitorinq üzrə hesabat hazırlanmış, tövsiyyələrlə birgə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə təqdim edilmişdir.

Layihə çərçivəsində eyni zamana məhkumlar üçün seminarlar təşkil edilib. Seminarlarda sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətraflı izah edilmişdir. Bu seminarlarda, ümumilikdə 461 nəfər iştirak etmişdir. 4000 məhkuma isə layihə çərçivəsində hazırlanmış bukletlər paylanmışdır.

Layihədə tanınmış vəkillər və hüquqşünaslar Hafiz Həsənov, Əlibaba Rzayev, Mirəli Hüseynov və KAF hüquqşünasları iştirak edib.