Könül Nurullayeva: “Moskva bəyannaməsi Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə xələl gətirmir”

Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Şuşa bəyannaməsindən sonra Moskva bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam ehtiva edir. Hər iki sənəd strateji xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Sənəd əsasında tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərdən biri də separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Regionun əsas aktorları olan Türkiyə və Rusiya ilə müttəfiq olmaq olduqca vacibdir.

Moskva bəyannaməsi üzərində iş uzun müddətdən bəri gedirdi. Bu barədə dövlət başçıları da bəyan etdi. Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Eyni zamanda dövlət başçımız Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar xalqa müraciətində də Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.

Bu mənada sənədi regionda baş verən son siyasi proseslərlə əlaqələndirmək doğru deyil.

43 bəndin heç birində Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edən məqam yoxdur. Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbədir. İlk növbədə ona görə ki, Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.
Bu bəyannamə ilə Bakı və Moskva Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.

Azərbaycan eyni zamanda digər tərəfdaşlarla da münasibətləri inkişaf etdirmək üçün səylərini davam etdirəcək. Bu gün rəsmi Bakının qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bir sözlə, Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.