Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycan xalqının zəfər çaldığı 44 günlük Vətən müharibəsi zamanı şəhadət zirvəsinə yüksələn, Nizami rayonu şəhidlərinin ildönümü ərəfəsində onların evlərinə baş çəkib, ailə üzvləri ilə söhbətləşib, şəhidimizin xatirəsini ehtiramla yad edib. Ziyarət zamanı millət vəkili K.Nurullayeva, həmçinin vətən uğrunda canını fəda edən mərd oğullarımızın əzizlərinə dərin hüznlə başsağlığı verib, onlara Ulu Tanrıdan rəhmət diləyib.
Sabahinfo.az-ın məlumatına görə, K.Nurullayeva bildirib ki, bir il əvvəl qəhrəman hərbçilərimizin şücaəti sayəsində, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın möhtəşəm qələbəsinin şahidi oldu:
"Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu zəfər sayəsində Ermənistan ordusu ilə bağlı bu illər ərzində formalaşan miflərə birdəfəlik son qoyuldu. "Azərbaycan xalqı isə öz növbəsində hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur".
Həmçinin millət vəkili şəhid ailə üzvlərinin diqqətinə çatdırıb ki, vətən uğrunda canından, qanından keçərək şəhadətə ucalan bütün oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.
Məlumat üçün bildirək ki, Könül Nurullayevanın ailə üzvləri ilə görüşdüyü şəhidlərdən biri mərdliyi və cəsarəti ilə seçilən, Azərbaycan Rus İcmasının üzvü Denis Əliyevdir. O, Vətən Müharibəsi başlar-başlamaz ön cəbhəyə könüllü olaraq qatılmış, Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Digər bir qəhrəmanımız Əhmədov Nicat isə ötən ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində xüsusi şücaət göstərmiş, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlmişdir. O, döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Yaqub Yaqubzadə isə Vətən Müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü olaraq yollanmış, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Eyni zamanda Anar Qumaşov da Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş, vətən uğrunda canından keçərək şəhadətə yüksəlmişdir. O, ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülmüşdür.
Milli Məclisin deputatı Könül Nurullayevanın ailəsini ziyarət etdiyi digər bir şəhidimiz isə Azərbaycan Ordusunun çavuşu Natiq Əhmədovdur. O, İkinci Qarabağ müharibəsində mərdlik və cəsarət nümayiş etdirərək, Füzuli rayonunun, habelə Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Natiq Əhmədov Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının baş çavuşu kimi Vətən müharibəsinə qatılan Vüqar Cəfərov isə Cəbrayıl rayonunun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. İştirakçısı olduğu əməliyyatlarda göstərdiyi şəxsi igidliyə və şücaətə görə ölkə başçısı tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülmüşdür.
Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Şahmar Quliyev Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlmişdir. O, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, o cümlədən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Çavuş Toğrul İsayev isə keçən il sentyabr ayında Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan əks-hücum əməliyyatı zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
İgidimiz Toğrul İsayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Digər bir şəhidimiz Elvin Abasov isə Xocavənd rayonunun və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır. O da döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüşdür.