Könül Nurullayeva: “Sumqayıt hadisələrinin erməni millətçilərinin təxribatı olması mühabisə mövzusu deyil”

34 il əvvəl, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş hadisələr erməni millətçilərinin Azərbaycana qarşı təşkil etdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd ilk növbədə dünya ictimaiyyətində antiazərbaycan rəyi formalaşdırmaq, birgə yaşayışın mümkünsüzlüyünü sübut etmək idi. Məsələ burasındadır ki, hadisələrin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu şahid ifadələri də təsdiqləyir. 10-a yaxın ermənini məhz Qriqoryan öldürmüşdü, 3 erməni qadına isə təcavüz etmişdi. Təsadüfi deyil ki, SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq Vladimir Kaliniçenko da müsahibələrində Qriqoryanın cinayətkar kütləni yönləndirən şəxs olduğunu təsdiqləmişdi: “Qriqoryan cinayətkar kütləni yönləndirən şəxs idi. Həbs olunmasına qədər şahidlərin ifadələrinə görə o, gah ləzgi, gah dağıstanlı, gah da avar kimi – bir sözlə, Şimali Qafqaz nümayəndəsi kimi göstərilirdi.”

Həmin dövrdə “Krunk” və “Qarabağ” təşkilatları erməni millətçi hərəkatı üçün vəsait toplayırdı və pul ödəməyənlər cəzalandırılırdı. İstintaq Sumqayıtda evlərinə hücum edilənlərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olduğunu təsdiqləyib.

Ulu öndər Heydər Əliyev məsələ ilə bağlı çıxışlarının birində deyirdi: “Bütün bunlar əvvəlcədən planlaşdırılmışdı! Bütün bunlar əvvəlcədən nəinki Kaputikyanlar, Balayanlar, onların arxasında duran qüvvələr tərəfindən, Mərkəzlə bərabər təşkil olunmuşdu! Çünki axşam hadisələr baş verir, səhərisi MK-nın Birinci katibi Qorbaçov onları qəbul edir, onlara söz verir. Onlar dərhal İrəvana gedir, orada meydana toplaşmış yarım milyon insan qarşısında çıxış edir, Qorbaçovun bəyanatını xəbər verir və kütlə sakitləşir, dağılışır”.

İğtişaş üçün niyə məhz Sumqayıtın seçilməsinə gəlincə, şəhərin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. Yəni, burada qarşıdurma yaratmaq daha asan idi. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi. Eduard Qriqoryan həbs edilsə də, bütün sübutlar təsdiq olunsa da sonradan o, cəza çəkmək üçün Ermənistana göndərildi və orada sərbəst buraxıldı. Amma təəssüf ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli bilinənlər barəsində heç bir tədbir görülmədi.

Prezident İlham Əliyevin də söylədiyi kimi, o dövrdə Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət aldı, nəticə etibarilə Qarabağda münaqişə baş verdi.

Bu gün ermənilər Sumqayıt hadisələrini Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə etməyə çalışır. Amma bütün istintaq materialları bu cinayətin əsl mahyyətini ortaya qoyur.