Laçın rayonunda “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində tədbir keçirdi

2024-cü il avqustun 27-də “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Laçın rayonunda “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində tədbir keçirdi. Tədbirin əsas məqsədi yaşlı insanların sosial fəaliyyətə cəlb olunması, onların həyat təcrübəsindən faydalanmaq və cəmiyyətə inteqrasiyasını təmin etmək idi.

Tədbiri giriş sözü ilə açan “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova Laçında olmağın onun üçün nə qədər qürurverici olduğunu qeyd etdi. O, Laçınlılarla bir arada olmağın, dəyərli şəhid ailələri, qazilər, ziyalılarla birlikdə vaxt keçirməyin onun üçün xüsusi bir məna daşıdığını vurğuladı. İradə Nəsirova şəhidlərimizdən Nəbi, Mehman, Rəhman, Natiq, Hafis, İsrafil, Oktay və Mübariz kimi qəhrəman oğullarımızın adını çəkərək, onlara rəhmət dilədi və şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əydi. O, həmçinin, Laçının ağsaqqalları – hörmətli Qalib müəllim, İsak müəllim və digər ziyalı şəxslərə uzun ömür dilədi.

İradə Nəsirova çıxışında Laçının gələcək inkişafı ilə bağlı düşüncələrini də bölüşdü. O, Laçın haqqında geniş məlumatı olan, rayonun tarixi, təbiəti, milli adət-ənənələri və mədəni irsi barədə dolğun biliyə sahib insanların dəyərli olduğunu vurğuladı. Nəsirova belə şəxslərin Laçının təbliği və inkişafı üçün potensialından faydalanmağın vacib olduğunu qeyd etdi. O, Laçını hər zaman yüksək səviyyədə təbliğ edən insanların mövcudluğunun sevindirici olduğunu, onların rayonun abadlaşdırılması və yenidən qurulması ilə bağlı dəyərli fikirlər söylədiklərini bildirdi.

Tədbirdə çıxış edən şəhid anası Minayə İsmayılova bu günkü gənclərimizlə fəxr etdiyini ifadə etdi. O, gənclərin Vətən sevgisi və böyüklərə olan hörmətini gördükcə, Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu hiss etdiyini söylədi. Minayə xanım şəhid ailələri və qazilər üçün belə tədbirlərin təşkil olunmasının əhəmiyyətini vurğuladı.

Laçın ağsaqqalları tədbir zamanı yaşlı nəslin istirahəti üçün rayonda xüsusi bir mərkəzin yaradılması təklifini irəli sürdülər. Onlar, yaşlı insanların sosial həyatda fəal iştirak edə biləcəyi, eyni zamanda rahatlıqla istirahət edəcəkləri bir məkana ehtiyac olduğunu qeyd etdilər. Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında səmimi söhbətlər edərək, Laçının gələcək inkişafı və gənc nəsillərin vətənpərvər ruhda böyüdülməsi mövzusunda fikir mübadiləsi apardılar.

Belə tədbirlər yaşlı nəslin cəmiyyətdəki rolunu artırmaqla yanaşı, gənclərin də onlardan ilham almasına, həyat təcrübələrindən faydalanmasına töhfə verir. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin bu təşəbbüsü həm də rayonun sosial həyatına yeni nəfəs verir və Laçının yenidən qurulması istiqamətində görülən işlərə dəstək xarakteri daşıyır.