Əsgər Ailələrinə Dəstək ictimai birliyi layihəni bölgələrdə icra etdi. Əsgər Ailələrinə Dəstək ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin təşkili: TV -nın və Web-saytın yaradılması” layihəsini icra edir.
Layihənin icra müddəti 1sentyabr-1 dekabr tarixlərdir. Layihə Bakı şəhəri, Göranboy rayonu, Ağcakənd qəsəbəsində icra olunacaq. Layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən bəhs ediləcək. “YeniZamanTV” , Web-sayt, youtube kanalı və facebook səhifəsi üzərində yaradılması ilə boşluqları doldurmağı hədəfləyən layihə icraçıları saytla bağlı fikirlərini öyrənmək üçün qazilərlə görüş keçirdi. Artıq Əsgər Ailələrinə Dəstək ictimai birliyi şəffaflıq və hesabatlılıq üçün layihəni sosial şəbəkədə canlı yayımda icra edir.
Qazilərlə görüşdən sonra Əsgər Ailələrinə Dəstək ictimai birliyi Goranboy rayonunda Ağdam, Xocalı. Xankəndi, Laçın, Kəlbəcər rayonundan olan əhali qrupu ilə görüşdü. Əsasən şəhid ailələri, qazilər və qazi valideynləri toplaşan tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər. Layihə barədə geniş məlumat verən təşkilat rəhbəri Mətanət Əsgərqızı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə etimad göstərib bu layihəni dəstəklədiyinə görə minnətdarlığını bildirdi. “Bir çox hallarda şəhid ailələri və qazilərin haqlarının tapdandığının şahidi oluruq” deyən təşkilat rəhbəri “məhz belə layihələr vasitəsi ilə həssas qruplara dəstək olunacaq” fikrini səsləndirdi. Görüş iştirakçıları bir sıra problemlərin həlli üçün kömək istədilər. Bu məsələlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması,işlə təminat, əlilliyin təyinatı, maşın məsələsi, kirayədə qalan qazi ailəsinin evlə təminatı, Sosial yardım məsələsi və s. oldu. Təşkilat sədri qeyd etdi ki, bu layihədə könüllü hüquqşunasımız var. Elə bu tədbirdə də iştirak edir. O da, mən də səsləndirdiyiniz bütün fikirləri qeyd etmişik. Mütləq bu məsələlərlə məşğul olacağıq. Daha sonra tədbir iştirakçılarından Əzizova Nərgiz, Məmmədova Məkan,Hüseynova Ziyafət, Allahverdiyeva Aidə,Əhmədova Pərvanə, Nəsirova Sənubər, Hüseynov Aleksandr, Hüseynov Əlövsət,Zeynalova Şövkət çıxışlarında həssas qruplara diqqət yetirdiklərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Bu layihə çərçivəsində onlara dəstək olunacağına inandıqlarını qeyd etdilər. Xüsusi vurğuladılar ki,bu 30 ildə onlarla belə görüş ilk dəfədir keçirilir. Layihə rəhbəri Mətanət Əsgərqızı qeyd etdi ki, belə layihələr həm də dövlətin həssas qruplara qayğısıdır. Bakıya qayıdıb mütləq aidiyyəti qurumlarla görüşəcək, müraciətlər ünvanlayacaq. Tədbirin yekununda çay süfrəsi arxasında söhbətlər davam etdirildi. Xatirə olaraq tədbirdə foto-video çəkildi.