Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sabahinfo.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.
Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.