Sabah Fransaya səfərə yola düşürük. Bizdə olan məlumata görə, Fransada "Marsel"-"Qarabağ" oyununa maraq böyükdür.
Bunu Trend-ə açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Klub rəsmisi bildirib ki, fan sektorun ayrılması ilə bağlı “Marsel“ klubu ilə razılığa gəlinib:
“Qarabağ“ klubunu dəstəkləmək istəyən azarkeşlərimiz üçün orada bilet satışı təşkil ediləcək. Bu barədə saytımız və sosial media üzərindən geniş məlumat verəcəyik. Biletlərin qiyməti 20 avro olacaq. Oyun günü də bilet satışı olacaq. Bizə olan müraciətləri nəzərə alsaq, 300-ə yaxın Qarabağ azarkeşi stadionda olacaq. Azarkeş sayı daha çox olsa belə, bilet baxımından heç bir problem olmayacaq. Stadiona giriş üçün əsas şərt odur ki, Fransanın tələb etdiyi vaksin sertifikatı olsun".
G.Abbaszadə bildirib ki, mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və Marsel klubuna müraciət ediblər. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.
Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.