Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbir çərçivəsində jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ümumilikdə 480 hektara yaxın ərazidə ağac əkilib:
“Bu gün 3 000 ağac əkilib.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri bu aksiyada böyük həvəslə iştirak edirlər:
“Bildiyiniz kimi Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olub”.