Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə “Media Savadlılığı” konfransının açılış mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, “Media Savadlılığı” Həftəsi çərçivəsində keçirilən konfransda müxtəlif qurumların rəsmiləri, sahə üzrə yerli, xarici ekspertlər, 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edib.
Tədbirin açılışında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər böyük və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu deyib. O bildirib ki, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulması, effektiv kommunikasiya vacibdir.
Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı barədə danışıb.
Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi, rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayıb. O, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.
Daha sonra cari ilin iyul ayında keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.
Tədbir dezinformasiyanın aşkarlanması, müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar barədə müzakirələrlə davam edir.
Qeyd edək ki, Azərbaycanda "Media Savadlılığı" həftəsi 16-22 dekabr tarixlərində davam edəcək.