Media və Mülki Cəmiyyət İctimai Birliyi 12 oktyabr 2022-ci il tarixdə Cəlilabad şəhərində ADPU-nun Cəlilabad filalında növbəti dəyirmi masa keçirib. Dəyirmi masa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” layihəsi çərçivəvəsində baş tutub.
Tədbirdə giriş sözü ilə çıxış edən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov iştirakçılara layihə və onun məqsədləri haqqında məlumat verərək mövzunun iştirakçılar üçün əhəmiyyətindən danışıb.
X.Əhmədov bildirib ki, layihədə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına, fiziki imkanları məhdud insanlara, şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğının artırılması, onlara pulsuz hüquqi yardım göstərilməsinin təşkili nəzərdə tutulub.
Tədbirdə daha sonra hüquqşünas Mirəli Hüseynov mövzu ilə bağlı məruzə edərək iştirakçıları ətraflı məlumatlandırıb. Məruzəçi tədbirin mövzusunun əsas tezislərinin vətəndaşların konstitusion hüquq olaraq hüquqi yardım hüququnun mahiyyəti və əhəmiyyəti, hüquqi yardımın formaları, ödənişli və ödənişsiz əsasları, ödənişsiz hüquqi yardım üçün müraciətin qaydaları və əsasları və digər məsələlər təşkil etdiyini bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildiririk ki, layihə çərçivəsində tədbirlər davam edir.