Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı barəsində açılmış cinayət işi məhkəməyə göndərilib
Bu barədə Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.
Belə ki, Lənkəran RİH başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.