Türk dövlətləri ilə olan mehriban əlaqələrimiz və dostluq münasibətlərimiz ölkəmizin xarici siyasi kursunda mühüm yer tutur. Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmiş, həmçinin, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər etmişlər. Cari ilin 14 sentyabr tarixində isə Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində cənab Prezidentin Mərkəzi Asiyaya növbəti səfəri baş tutmuşdur. Cənab Prezident regiondan kənar ölkənin prezidenti olduğu üçün fəxri qonaq qismində tədbirdə iştirak edib. Bu, həm dövlətimizin başçısının şəxsi nüfuzunun, həm də ölkəmizin beynəlxalq siyasi arenada oynadığı rola verilən yüksək qiymətin bariz nümunəsidir. Həqiqətən də son dövrlərdə türk dünyası dövlətlərinin qarşılıqlı əlaqələrinin daha da intensivləşməsində, Türk Dövlətləri Təşkilatının gücünün-qüdrətinin artmasında Azərbaycanın və Prezidentimizin rolu danılmazdır. Ölkəmiz coğrafi baxımdan Türkiyə və Mərkəzi Asiyada yerləşən türk dövlətləri ilə körpü rolunu oynadığı kimi, türk xalqları arasında dostluq münasibətlərinin inişaf etdirilməsində də körpü missiyasını çox böyük uğurla həyata keçirir.
İştirak etdiyi bütün rəsmi və işgüzar görüşlərdə, beynəlxalq tədbirlərdə dövlətimizn maraqlarını, Azərbaycanın milli maraqlarını rəhbər tutan cənab Prezidentin bu dəfəki səfəri də ölkəmiz üçün böyük əhəmiyyət kəsb edirdi.
Bütün Mərkəzzi Asiya ölkələri ilə olduğu kimi Tacikistan ilə ölkəmizin dostluğu da dərin köklərə malikdir. Xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, ortaq tarixi keçmiş dövlətlərarası əlaqələrimizin möhkəm təməlini təşkil edir. SSRİ-nin dağılması ilə hər iki dövlət müstəqillik qazandıqdan bəri, otuz ildən artıqdır ki, Azərbaycan və Tacikistan müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı əlaqələri inkişaf etdirir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında çoxlu sayda hüquqi və iqtisadi əhəmiyyətə malik sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölklərimiz həm bir-birnin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həm də iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir.
Tacikistanla elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edirik və gələcəkdə də bu əməkdaşlığı daha da genişləndirmək üçün böyük ümidverici perspektivlər var. İnvestisiya qoyuluşu, maliyyə, ticarət, nəqliyyat-logistika sahəsində geniş birgə əməkdaşlıq imkanlarımız və ölkələrimiz arasında bu vaxtadək imzalanmış sənədlər əlaqəlrimizin inkişafı üçün möhkəm baza yaradır. Ümumiyyətlə, bütün Mərkəzi Asiya ölkləri ilə iqtisadi və siyasi əlaqələrimiz özünün parlaq dövrünü yaşayır. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri olan qarşılıqlı ticarət və investisiya qoyuluşu istiqamətləri üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Birgə sərmayə fondları yaradılıb. Mərkəzi Asiya ölkələri ilə nəinki ənənəvi kənd təsərrüfatı, pambıqçılıq, ipəkçilik, bağçılıq, heyvandarlıq sahələrində, həm də sənayə, elm və texnikanın yeni sahələrində, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mərkəzi Asiyadan olan şirkətlərin həm Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır, həm də işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulmasında iştirak edirlər.
Cənab Prezidentin ölkəmiz üçün gördüyü, son dövrlərdə isə bu istiqamətdə təşəbbüslərini daha da artırdığı ən böyük işlərdən biri Azərbaycanı tranzit-nəqliyyat və logistik mərkəzə çevirməkdir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizdə də nəqliyyat və logistika sahəsində münasibətlərimiz xüsusilə mühüm yer tutur. Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axınları məqsədilə ölkələrimizin tranzit potensialının artırılması üçün birgə fəaliyyət daim diqqətdə saxlanılır. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində də etibarlı tranzit ölkəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu daha da müasirləşdirilir. Həm həmin yol ilə daşınan yüklərin həcmi, həm də Bakı Ticarət Limanının imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Böyük iqtisadi potensialı ilə yanaşı, Xəzər dənizinin də regionun qabaqcıl infrastruktura sahib nəqliyyat qovşağına çevrilməsi imkanları getdikcə artır. Azərbaycan isə Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsini nəzərə alsaq Xəzər dənizi nəinki yalnız Xəzəryanı ölkələr üçün, tranzit baxımından, xüsusilə neft-qaz daşınmaları, kənd təsərrüfatı məhsullarının daşınması, məhsul tranziti baxımından dünyanın bir çox ölkələri üçün çox mühüm əhəmiyyət kəsb edir. Xəzəryanı bölgənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi fürsətindən uğurla istifadə edən Cənab Prezident hər fürsətdə Zəngəzur dəhlizinin açılması məsələsini dilə gətirir və bildirir ki, Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də Xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcək. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımızın ən yeni sahəsi isə üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.
Digər Mərkəzi Asiya ölkələri ilə olduğu kimi, Tacikistan ilə də birgə ticarətin inkişaf dinamikası olduqca yaxşıdır və bu inkşaf ildən-ilə artır. Qeyd etdiyim kimi, Xəzər dənizində ən böyük ticarət limanlarından biri də məhz ölkəmizə məxsusdur. Əlbəttə, daha böyük həcmdə ticari əlaqələrə nail olmaq üçün görüləcək işlər çoxdur. Gömrük prosedurlarının sadələşdirilməsi, tariflərin optimallaşdırılması, bərabərliyin və şəffaflığın təmin edilməsi üçün mühüm işlər görülür. Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması məhz bu işlərin görülməsinə də böyük xidmət göstərəcək.
Qeyd edim ki, Tacikistanla parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eləcə də, Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Bizim Mərkəzi Asiya ölkələri ilə dostluq-qardaşlıq, qarşılıqlı əməkdaşlıq, mehriban dostluq əlaqələrimiz türk dünyasında əlaqələrin daha da inkişaf etdirilməsinə, regionda təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə və regionun tranzit-logistika mərkəzinə çevrilməsinə öz töhfəsini verməyə davam edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov