Meşəli sakinlərindən beynəlxalq ictimaiyyətə MÜRACİƏT

Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb.

Sabahinfo.az xəbər verir ki, müraciətdə deyilir:

"Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçatryanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb.

32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçatryan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!

Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.

Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçatryan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab verməlidir.

Biz bu ədalət anını onillərdir gözləmişik, bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik.

Müharibə cinayətkarı Vaqif Xaçatryanı yüksək peşəkarlıqla aşkar edərək saxlayan sərhədçilərimizi, Azərbaycan hüquq mühafizə orqanlarında xidmət edən övladlarımızı bağrımıza basırıq, onları alqışlarıyıq, onlara eşq olsun deyirik!

32 ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib.

Onlara bəraət qazandırmağa, azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçatryanın aqibəti gözləyir.

Onlar 1991-ci ildə düşünürdülər ki, törətdikləri əməllər cəzasız qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik!

Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər!

Vaqif Xaçatryanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan soruşuruq: bəs bizim haqq və hüquqlarımız nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir.

Vaxtında Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsə idi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və daha neçə-neçə Azərbaycanın yaşayış məntəqələrində təkrar olunmazdı.

Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.

Təəssüf edirik ki, ermənilər Azərbaycanın göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiyasından da sui-istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də Xaçatryan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar.

Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.

Xaçatryanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi yoxdur. Biz - Meşəli sakinləri Xocalıya - doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Bizim Xaçatryan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.

Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük, amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.

Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!".