Məşhur futbolçumuz xəstəxanaya düşdü

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Report-a Y.Babayevin həyat yoldaşı Tamara Babayeva məlumat verib.
 
74 yaşlı sabiq müdafiəçi təzyiqinin kəskin yüksəlməsi üzündən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda xüsusi palatada müalicəsini davam etdirən Y.Babayevin hərəkət etməsinə icazə verilmir. Bununla belə, xəstə sərbəst danışa bilir.
 
T.Babayeva bu gün götürülmüş analizlərin nəticəsinə əsasən, müalicənin davam etdiriləcəyini söyləyib. O, həyat yoldaşının müalicəsi üçün AFFA və "Neftçi" klubundan bütün lazımi köməkliyin göstərildiyini də əlavə edib.
 
Qeyd edək ki, Yaşar Babayev 1966-cı il SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanmış futbolçulardandır.