Şəhid Cavad Gülverdi oğlu Babayevin ailəsini Masallı rayonunun Qızılağac kəndində ziyarət etdik. Cavad 2018-ci ildə hərbi xidmətini başa vurub. Vətən Müharibəsinə könüllü yollanıb.
Valideynləri deyir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək Cavadın ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda bu arzusunu reallaşdırmaq üçün digər vətənpərvər oğullarımız kimi, o da döyüş meydanına atılıb. Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib. Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Anası deyir, təsəllimiz torpaqları azad görmək istəyən Cavadın ruhunun şad olmasıdır.
İşğaldan azad edilən ərazilərdə quruculuq-bərpa işləri sürətlə davam edir. Tezliklə bütün ərazilərdə əhalinin köçürülmısi başa çatacaq, həyat axarı ilə davam edəcək. Şəhid valideynləri də övladlarının şəhid olduqları yerlərdə gedib, görülən işlərlə tanış olacaq, azad, suverenliyini tam bərpa etmiş Azərbaycanda əzizlərinin də canları, qanları ilə payları olmasından qürur duyacaqlar. Azərbaycan xalqı, Azərbaycan dövləti qəhrəman övladlarını heç zaman unutmayacaq.
Məşhur Məmmədov
Milli Məclisin deputatı