Mətbuat Şurası Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun jurnalistlərə hücumuna münasibət bildirib.
Məlumatda deyilir:
“Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.
Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır.
Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.
Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.
Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcək”.