Məzahir Əfəndiyev şəhid ailəsini ziyarət edib

13 iyun 2024-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Nuruzadə Elşən Əlisa oğlunun ailəsini ziyarət edərək, şəhidimizin əziz xatirəsini doğum günündə dərin hüznlə anıb.

Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu ehtiramla yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpa olunması nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Elşənin 28 yaşı tamam olacaqdı. Şəhid Nuruzadə Elşən Əlisa oğlu 13 iyun 1996-cı il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2014-cü ildə Göyçay Peşə Liseyini bitirdikdən sonra 2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində rabitəçi peşə ixtisası üzrə hərbi xidmətdə olmuşdur.

2020-ci il sentyabr ayının 21-də hərbi təlimlərə çağırılmış və sentyabr ayının 27-dən başlanan İkinci Qarabağ – Vətən Müharibəsində döyüşlərə qatılmışdır. Müharibə başlayandan şəhidlik zirvəsinə ucalanadək Tərtər-Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

2020-ci il oktyabır ayının 4-ü qəhrəmancasına şəhid olmuş və Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Nuruzadə Elşən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.