17 aprel 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç arasında ikitərəfli görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanov qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb.
Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin, gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi oldu.
Novruz Aslanov illərdir davam edən qarşılıqlı əməkdaşlığın səmərəli olmasından məmnunluğunu və gələcəkdə də əməkdaşlığın davamlı olacağından əminliyini bildirib. Daha sonra Novruz Aslanov, hərəkatın bir hissəsi olaraq hər iki qurumun üzərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmini vurğuladı və əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Milli Cəmiyyətə olan dəstəyini təqdir edib.
Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç qarşılıqlı əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu vurğuladı və əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirilməsindən söz açıb, gələcəkdə də bu əməkdaşlığın daha da genişlənəcəyini qeyd etdi.
Görüş zamanı, son günlər Azərbaycan Ermənistan sərhədində baş verən toqquşma və əsir götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı müzakirələr aparıldı.
Xanım Koic bununla əlaqədar BQXK-nin nümayəndəliyi tərəfindən görülən tədbirlər barədə məlumatı və gələcəkdə bu məsələ ilə əlaqədar görülən işlər haqqında mütəmadi olaraq milli cəmiyyətə məlumat verəcəyini bildirdi.