Millət vəkili Tərtərdə şəhid ailəsini ziyarət etdi

Millət vəkili Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Emin Şəmsi oğlu Quluzadənin ailəsini ziyarət edib. 

Sabahinfo.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Anar Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyə etdiklərini bildirib.  

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Elmin Şəmsi oğlu Quluzadə 1998-ci il oktyabrın 23-ü Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-si Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

O, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.