12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonu Xocəsən bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Qəbula gələn vətəndaşlar Xocəsən bələdiyyəsinə daxil olan qəsəbələrdə uzun illər əvvəl və yeni tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasının, qəsəbələrdə kanalizasiya şəbəkəsinin yenidən qurulmasının və yeni yaşayış massivlərində kanalizasiya xətlərinin ana xəttə birləşdirilməsinin, müharibə veteranlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq binanın tikintisinə köməklik göstərilməsinin, narkomaniya ilə mübarizə sahəsində əhali arasında maarifçilik və hüquq təbliğaıtnın gücləndirilməsinin, Çiçək yaşayış massivində tam orta məktəbin, körpələr evi-uşaq baxçasının tikintisinin plana salınmasının, qəsəbəyə su çəkilişinin başa çatdırılmasının sürətləndirilməsinin, kanalizasiya şəbəkəsinin qurulmasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində peşə hazırlığı kurslarına cəlb edilməsinə köməklik göstərilməsinin, yeni iş yerlərinin yaradılmasının, sosial müavinətlərin təyin olunması və verilməsinin vacibliyini xüsusi ilə qeyd ediblər.
Qəbulda iştirak edən vətəndaşlara qaldırdıqları bir çox məsələlərlə bağlı görülən işlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, son illər rayon icra hakimiyyəti, onun ərazi nümayəndəliyi, Xocəsən bələdiyyəsi, müvafiq dövlət qurumları tərəfindən xeyli quruculuq və abadlıq işləri aparılıb və bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara müvafiq tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.