Azərbaycan xalqı qədim dövlətçilik tarixi, milli mədəniyyəti, mentaliteti ilə qürur duyur, onu qoruyur, təbliğ edir və gələcək nəsillərə ötürür. Bu tarixi dövrdə geniş coğrafiyada - Bütöv Azərbaycanda bəşər cəmiyyətinin həyatında və inkişafında dərin izlər qoyan, onun formalaşmasında mühüm rol oynayan böyük dövlətlər, imperiyalar və yüksək inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. Ancaq XVIII, XIX və XX əsrlərdə vətənimizin başını qara buludlar aldı. Düşmənlərimiz Azərbaycanın daxilində baş verən mənfi ictimai-siyasi, iqtisadi və ideoloji proseslərdən məharətlə istifadə etdilər. 1813-cü il Gürcüstan, 1828-ci il Türkmənçay müqavilələrinə əsasən şimali Azərbaycan Rusiya tərəfindən işğal edildi. Bundan sonra istiqlal uğrunda baş verən üsyanlar qan içində boğuldu, xalqımıza qarşı ruslaşdırma, xristianlaşdırma, milli kimliyin unutdurulması siyasətləri yürüdüldü. Bütün bunlara baxmayaraq biz milli azadlıq arzumuzdan vaz keçmədik. 1875-ci ildə milli mətbuatımızın əsasını qoyduq. Bununla da milli azadlıq hərəkatının ilkin rüşeymləri özünü göstərməyə başladı.
Milli azadlıq hərəkatı bir neçə dövrə bölünür. O, 1875-ci ildən 1991-ci ilə qədər fasilələrlə davam etmiş və heç vaxt xalqımızın qəlbindəki milli azadlıq, istiqlaliyyət alovu sönməmişdir. Hərəkatı alovlandıranlar XIX əsrin sonu, XX əsrin əvvəllərində və ortalarında Azərbaycan xalqının ən üzdə olan ziyalıları, fikir adamları və aydınlar idilər. Onlar 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik respublikanı - Azərbaycan Xalq Cümhuriyyətini qurdular. Ancaq tarixi şərait düşmənin xeyirinə olduğu üçün bu Respublikanı əlimizdə çox saxlaya bilmədik. 1920-ci ilin 28 aprelində sovet Rusiyası Azərbaycanı işğal etdi və AXC süquta uğradı. Beləliklə Azərbaycanda sovet hakimiyyəti quruldu. Ancaq sovet Rusiyası Azərbaycan xalqının milli azadlıq, müstəqillik uğrunda son nəfəsə qədər döyüşməyə qadir və buna maraqlı xalq olduğunu bilirdi. Ona görə də 1920-1922-ci illər arasında Azərbaycan müstəqil dövlət kimi qələmə verilir, azərbaycanlıların könüllü şəkildə sovet Rusiyasına birləşdiyi deyilirdi. Hətta Vladimir İliç Lenin Nəriman Nərimanova göndərdiyi məktubun sonunda belə yazırdı: "Yaşasın müstəqil Azərbaycan sovet respublikası".
Buradan görünür ki, sovet rəhbərliyi Azərbaycanı işğal etdiyini açıq şəkildə səsləndirməkdən çəkinirdi. Ona görə də ideoloji təbliğat maşınından istifadə edirdi. Milli ziyalılar bunu başa düşdükdən sonra xalqı öz ideyaları ilə maarifləndirməyə, düşmənlərin milli kimliyimizi məhv etməsinin qarşısını almağa başladılar. Həmin ziyalıların ən parlaq nümayəndəsi himnimizin müəllifi Əhməd Cavad idi. Əhməd Cavad türk dünyasının istiqlal şairi hesab olunur. Çünki, o, dövrdə onun şeirləri bütün türk dünyasını birliyə dəvət edərək, xalqları milli azadlıq uğrunda mübarizəyə səsləyirdi. 1920-1930-cu illərdə Əhməd Cavad milli azadlıq hərəkatını öz şeirləri ilə alovlandırırdı. Onunla yanaşı bir çox şairlər, mütəfəkkirlər, ictimai xadimlər milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrilmişdilər. Vəziyyətin belə olduğunu görən sovet hakimiyyəti milli ziyalıları məhv etmək məqsədilə repressiyalara başladı. Xüsusilə 1937-ci il xalqımız üçün faciəli il oldu. Çünki Azərbaycanın ən üzdə olan insanlarının əksəriyyəti "vətən xaini", "satqın", "düşmən" adı ilə güllələndilər. Təssüf ki, istiqlal şairimiz Əhməd Cavad da onların arasında yer aldı. 12 oktyabr 1937-ci ildə Əhməd Cavad repressiya qurbanı oldu. Ancaq onun fikirləri, şeirləri, düşüncələri milli azadlıq hərəkatının sönməsinə imkan vermədi, əksinə onu dahada alovlandırdı. Böyük şairin ideyaları ümumxalq ideologiyasının məhv olmasının qarşısını aldı, onu tam formalaşdırdı. Xalqımız repressiya qurbanlarının ideyaları ilə yaşadılar, milli varlığımızı əldən vermədilər və sonda azadlığa, müstəqilliyə qovuşdular. Beləcə onların ruhunu şad etdilər.
Ulu öndər Heydər Əliyev çıxışlarının birində milli azadlıq, müstəqillik mövzusuna toxunaraq aşağıdakı fikirləri səsləndirir. O, bu çıxışında Azərbaycanın mütəfəkkir insanlarını da yad edir.
Heydər Əliyev: "Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar, illərlə əziyyət çəkmək olar, illərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki, əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün, bunu bilin, mən sizə deyirəm:
Öz həyatından, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.
Ona da əmin ola bilərsiniz ki, Azərbaycanın dövlətinin, Azərbaycan prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və günü-gündən yüksəklərə qaldırır. Və bilin, mən Azərbaycanın dövlət başçısı kimi deyirəm:
Bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır. Heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini həll edəcəkdir, müstəqil, sərbəst olacaqdır."
Həqiqətən də böyük öndərin tarixi çıxışı müasir dövrün reallıqlarına tam uyğun gəlir. Azərbaycan xalqı azad, dövləti isə müstəqildir. Əhməd Cavad və digər fədakar ziyalılarımızın ruhları şaddır. Onların xatirəsinə daim diqqət və qayğı ilə yanaşılır. Bu istiqamətdə dövlət başçısı, cənab prezident İlham Əliyev çox mühüm addımlar atır. Buna misal olaraq prezident İlham Əliyev tərəfindən 20 aprel 2022-ci ildə Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı verdiyi sərəncamı göstərə bilərik.
Böyük məhrumiyyətlər ilə üzləşmələrinə baxmayaraq milli azadlıq, müstəqillik yolunda mübarizələrini dayandırmayan, Azərbaycan xalqının milli oyanışını təmin edən, milli azadlıq hərəkatını alovlandıran bütün ziyalılarmıza Allahdan rəhmət diləyir, onların xatirəsini hörmət və ehtiram hissi ilə yad edirik.
Anar Salehoğlu
İctimai-siyasi fəal, İctimai əsaslarla deputat köməkçisi