MİLLİ MƏCLİSDƏ DİPLOMATLA GÖRÜŞ

Diplomatik karyerası erkən - elə ali məktəbi bitirincə başlamış Seymur Fətəliyev artıq 30 ildir ki, bu sahədə uğurla fəaliyyət göstərir və az diplomatlardandır ki, peşəkar fəaliyyət illəri yaşadığı illərin yarısından çoxdur.

Bu ilin oktyabr ayında Seymur Fətəliyevin iş həyatında daha bir əlamətdar hadisə baş vermiş, o, ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

Azərbaycan Milli Məclisi və bir çox deputatımızla Seymur Fətəliyevi uzun illərin sız əməkdaşlıq əlaqələri bağlayır.

Hələ 2000-ci illərin əvvəllərində Azərbaycan Avropa Şurası Parlament Assambleyasında bərabərhüquqlu üzv kimi fəaliyyətə başlayanda Seymur Fətəlyev ölkəmizin Fransadakı səfirliyində çalışırdı və nümayəndə heyətimizlə sıx münasibətdə idi.

Elə sonrakı bütün illərdə də Xarici Siyasət İdarəmizdə Seymur Fətəliyevin vəzifələri və çalışdığı istiqamətlər dəyişsə də, Milli Məclis üzvləri ilə səmərəli iş birliyi həmişə uğurla davam etdi.

Xüsusilə son illərdə Seymur Fətəliyevin UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş Katibi olduğu dövrdə mədəni irsimizin dünyadadkı təbliği və qorunması səmtində onunla əlaqələrimiz və çalışmalarımız daha intensiv şəkil aldı.

Noyabrın 20-də təcrübəli diplomat dostumuzla Milli Məclisdə görüşdük, ona qarşıdakı çox məsul fəaliyyətlərində müvəffəqiyyətlər dilədik.

Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Fazil Mustafa, Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov və millət vəkili Sevinc Fətəliyeva ilə birgə Meksikada çalışacaq səfirimiz Seymur Fətəliyevlə gələcək mümkün əməkdaşlığımızın perspektivləri haqqında fikir mübadiləsi apardıq.