Cari ilin fevral ayının 26-da qardaş Türkiyənin paytaxtı Ankaraşəhərində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa Konfrans Mərkəzində Azərbaycanın Türkiyədəki səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə “Kədərdə və taledə çiyin-çiyinə” adlı anım tədbiri təşkil edilib.
Xocalı soyqırımına və fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Kamaləddin Qafarov və Anar Məmmədov da iştirak ediblər. Mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Daha sonra soyqırımı və zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin iştirakçıları tərəfindən bu mərasimin Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəyliyinin göstəricisi olduğu qeyd edilib, qardaş ölkədə baş vermiş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyi vurğulanıb.
Tədbirdə çıxış edən K.Qafarov və A.Məmmədov Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu qeyd ediblər. Həmçinin deputatlar öz çıxışlarında vurğulayıblar ki, son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır və bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı qətliamı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir.