Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub.
Heç kəsə sirr deyil ki, müstəqilliyini əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin rəhbrliyi ilə Azərbaycan güclü iqtisadiyyat qurmağa nail olub. Böyük siyasətçi enerji sahəsi çərçivəsində milli iqtisadiyyatımızın inkişafına güclü stimul vermişdi. Azərbaycanda bazar iqtisadiyyatının əsas prinsiplərinin müəyyən edilərək dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz milli iqtisadiyyatımızın şaxələndirilməsində sahibkarlıq subyektlərinin mühüm rolunu dəfələrlə qeyd etmiş, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
“Heydər Əliyev İli”ndə bu sahədə görülən işləri regionda təbliğ etmək, habelə müzakirələr aparmaq məqsədilə 27 aprel 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər aidiyyatı qurumların yerli nümayəndələrinin iştirakı ilə Göyçay və Ağdaş rayonlarında fəaliyyət göstərən kiçik sahibkarlarla “Heydər Əliyev və sahibkarlıq” mövzusunda görüş keçirib.
Görüşdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Sonra çıxış edən M.Əfəndiyev müasir dövrdə milli iqtisadiyyatımızın dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi.
Deputat məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qədirbilən Azərbaycan xalqının təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyindən söz açaraq, məhz 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını və gələcək davamlı inkişafını təmin etdiyini, daha sonra sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin formalaşmasından bəhs etdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə kiçik və orta sahibkarlığın inkişafı sahəsində görüşlən işləri millət vəkili xüsusi vurğuladı: “Dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, habelə əhalinin və xüsusilə də gənclərin iştirakçılığı təmin olunur.”
Eyni zamanda deputat Milli Məclisdə də sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüslərindən, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-2023-cü illər ərzində gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatları bölüşdü.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən bazar iqtisadiyyatının və sahibkarlığın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Çıxışlardan sonra görüş müxtəlif mövzuları əhatə edən müzakirələrlə davam etdi, rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkili çəkdirildi.
Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.