03 noyabr 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına vuruşaraq həlak olmuş, Ağdaş rayon Qarağan Şıxlar kəndinin şəhidi Mehdiyev Süleyman Mansur oğlunun ailəsini ziyarət etdi.
Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. Deputat qeyd edib ki, 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Zəfər 2023-cü ildə, “Heydər Əliyev İli”ndə lokal xarakterli antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün tam bərpası ilə taclandı. Beləliklə, Azərbaycan xalqının əzminin bir daha bütün dünyaya nümayiş etdirildiyi, şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Şəhid Mehdiyev Süleyman Mansur oğlu 28 fevral 1992-ci il tarixində Ağdaş rayon Qarağan Şıxlar kəndində anadan olmuşdur.
O, 1998-ci ildə Ağdaş rayon Qarağan Şıxlar kənd Ümumi Orta Məktəbinin birinci sinfinə daxil olmuşdur.
Tam orta təhsilini bitirdikdən sonra 2009-cu ildə hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra Süleymanın vətənpərvərliyi, dövlətə və xalqına bağlılığı onu yenidən ordu sıralarına geri qaytarır.
2011-ci ildə Süleyman Azərbaycan Respublikası Daxili Qoşunlarının sıralarında xidmət etməyə başlayır, 2016-cı ilin aprel döyüşləri və 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində iştirak edir.
Mehdiyev Süleyman Mansur oğlu bu il sentyabr ayının 19-da Ali Baş Komandanın əmri ilə başladılan 24 saatlıq lokal xarakterli antiterror əməliyyatlarında ön sıralarda iştirak edir, 20 sentyabr tarixində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Nəşi doğulub boya-başa çatdığı Ağdaş rayon Qarağan Şıxlar kəndində dəfn olundu.
Qeyd edək ki, Süleymanın iki övladı – Səid və Oksana ondan yadigar qaldılar. Şəhidimizin qız övladı Oksana atasının şəhadətindən sonra, 12 oktyabr 2023-cü il tarixində tarixində dünyaya göz açıb.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.