MİLLİ SEVGİLİLƏR GÜNÜNÜN TƏBLİĞİ STİMULLAŞDIRILMALIDIR

30 İyun. Yəqin ki, yox, əlbət ki, bu gün keçirilən toy məclislərində tamadalar təqvimin qeyri-rəsmi Sevgililər Günü olduğu xatırladacaqlar. Milli Sevgililər Gününü.

Amma bir sual açıq qalır: Nəyə görə 30 iyun 14 fevralı – Müqəddəs Valentin Gününü üstələyə bilmədi?

Gəlin, əvvəlcə hər iki təqvim gününün tarixçəsinə göz ataq:  

Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa, o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib.

O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq,  gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir...
Azərbaycanda milli Sevgililər Gününün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.

Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır...

Bəs elə isə nəyə görə 30 iyun - Milli Sevgililər Günümüz 14 vefral  - Müqəddəs Valentin Gününü üstələyə bilmədi?  Hər il fevral ayı gələndə cəmiyyətdə bir canlanma olur. Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Amma qeyd etmək lazımdır ki, fevral ayında müşahidə olunan canlanma 30 iyunda nəzərə çarpmır.

Çoxları bu fərqi millətimizin unutqanlığı ilə bağlayır. Ən dəhşətlisi isə özümüzə yox, başqalarına daha çox dəyər verməyimizdir. Özümüzün yox, başqalarının bayramını təntənəli qeyd edirik. Bu problemlərin hamısı özümüzə dəyər verməməkdən qaynaqlanır.

30 iyun “Sevgililər günü”nü ictimailəşdirmək üçün güclü təbliğatlar aparılmalıdır. Etiraf edək ki, lazım gələndə bir yumruq kimi birləşməyi bacarırıq. Təbliğat heç də özündə yalnız yazı-pozu, tele-radio verilişlərini ehtiva etməməlidir. Məsələn, 30 iyunda nikaha daxil olanlara, toy-nişan edənlərə xüsusi güzəştlər mexanizmi hazırlana bilər.

Həmin gün nişanlılara özəl endirim kampaniyaları stiumullaşdırıla bilər və s.İnanıram ki, gün gələcək xalqımız bunu anlayacaq və 30 iyun tarixi sevgi, sədaqət, etibar günü kimi qeyd olunacaq. 

Elnarə HƏZİYEVA