Kəlbəcəri təmsil edən deputat Mircəlil Qasımlı Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib. Deputat çıxışı zamanı qeyd edib ki, 2026-cı il üçün təqdim edilmiş dövlət büdcəsi layihəsi reallıqlarımıza uyğun hazırlanıb. Büdcədə müdafiə və təhlükəsizlik xərcləri ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin bərpası və Kəlbəcər də daxil olmaqla regionların sürətli inkişafı üçün nəzərdə tutulan xərclərin olması təqdirəlayiqdir: “Bu baxımdan, 2026-cı il büdcəsinin dövlətin strateji inkişaf prioritetləri ilə üst-üstə düşdüyünü və ölkəmizin iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edir, büdcə layihəsini dəstəkləyəcəyimi bildirirəm”.
Deputat həmçinin 3 təkliflə çıxış edib. Bildirib ki, Kəlbəcər sakini Zərnişan Camalova işğal dövründə əsir düşməmək üçün Qamışlı ərazisində körpüdən özünü ataraq şəhid olub. 90-cı illərdə ümummilli lider Heydər Əliyev bu məsələ ilə bağlı sakinlərlə görüşündə torpaqlarımız azad edildikdən sonra Zərnişan xanımın xatirəsinə abidə ucaldılacağını vurğulamışdı. Bu istəyin həyata keçirilməsi camaatımız üçün böyük mənəvi önəm daşıyır.
Digər məsələ isə tank komandiri şəhid Natiq Məlikova Milli Qəhrəman adının verilməsi üçün müraciətlərin çoxluğudur. Onun son döyüşü Kəlbəcər, Bağlıpəy istiqamətində baş verib və döyüşlərdə böyük qəhrəmanlıq nümunəsi göstərib. Bu məsələ müvafiq qurumlarda yenidən nəzərdən keçirilməlidir.
Deputatı Mircəlil Qasımlı onu da vurğulayıb ki, digər rayonlarda portal məsələsində müəyyən aktivlik var, lakin təəssüf ki, Kəlbəcər rayonunda bu tətbiq olunmayıb: “Bu məsələ daha çox müzakirəyə ehtiyac duyur. Əlbəttə, minalanmış ərazilərin mövcudluğu nəzərə alınmalıdır, amma eyni zamanda yaşlı nəslin sağlamlıq problemi olan insanların öz yurt-yuvalarını görmək istəməsi də arzu olunan bir haldır”. Deputat vurğulayıb ki, bu məsələnin balanslı şəkildə həll olunması vacibdir.