Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Moskva şəhərində səfərdə olub. Bu səfərin əsas özəlliyi onunla bağlıdır ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü keçirilib. Bu görüş bir daha onu göstərir ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşadırılması və sülh müqaviləsinin imzalanması prosesində üç tərəf - Moskva, Vaşinqton və Brüssel olduqca böyük fəallıq göstərir və sanki yarışa girib. Bu prosesin özü bir intensivliyin, dinamikanın ifadəsidir, kəmiyyət göstəricisi olaraq diqqəti cəlb edir. Moskvada Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşündə Prezident İlham Əliyev həmişə olduğu kimi, Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini müdafiə edib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi ilə bağlı Azərbaycanın mövqeyi beş baza prinsipində ifadə olunub. Bu prinsipləri müdafiə edirik və qarşı tərəfdən təkcə sözdə deyil, əməldə də adekvat addımlar atılmasını gözləyirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, son günlər Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər konstruktiv xarakter kəsb edir. Çünki Nikol Paşinyan bu günlərdə hökumətin iclasında bir daha bəyan etdi ki, ölkəsi Azərbaycanın ərazisini 86,6 min kvadratkilometr qəbul edir. Yəni, bu da o deməkdir ki, Qarabağ Azərbaycandır. Ancaq onlar çalışırlar ki, bu reallığı bir tərəfdən etiraf etsinlər, digər tərəfdən Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi bəhanəsi altında Azərbaycandan müəyyən güzəştlər qoparsınlar. Bunu da əslində gizlətmirlər. Paşinyan bir tərəfdən sülh prosesindən danışır, Moskvanın vasitəçiliyini təqdir etdiyini deyir, digər tərəfdən də ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq və yaxud fəaliyyətini dondurmaqla bağlı mövqe də ifadə edir. Yeri gəlmişkən Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının toplantısına Ermənistan qatılmayıb. Bu fakt da onu göstərir ki, İrəvan-Moskva münasibətlərindəki gərginlik daha da artmaqdadır. Bunu Rusiyanın yüksəkrütbəli rəsmiləri də etiraf edirlər.
“Prezident İlham Əliyevin Ali Avrasiya Şurasının iclasında iştirak etməsi faktı özü bir daha sübut edir ki, ölkəmiz bu qurumun üzvü olmasa da, dövlətimizə, onun ali siyasi rəhbərliyinə çox böyük inam, etibar və etimad mövcuddur. Eyni zamanda, bu görüş çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında aparılan danışıqlarda ölkəmizin mövqeyi kifayət qədər güclü idi. Azərbaycan Prezidenti konstruktiv mövqe ortaya qoyur, regionda davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün təkcə bəyanatlar vermir, bu istiqamətdə konkret əməli işlərin görülməsinin tərəfdarıdır. Bu baxımdan da Azərbaycan bir nümunədir. Eyni zamanda, Azərbaycan bu quruma üzv olmasa belə, Ermənistandan başqa digər üzv ölkələrlə çox sıx əməkdaşlığa malikdir. Təkcə bir faktı söyləyək ki, Azərbaycanın həmin ölkələrlə ticarət dövriyyəsinin səviyyəsi 5 milyard dollara gəlib çatıb. Bu da əlaqələrin səviyyəsinin mühüm göstəricisi kimi, diqqətdən yayınmır. Həm də bu görüşdə Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın çox geniş iqtisadi potensialı var. Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın öz ticarət donanması ilə yükdaşıma potensialı kifayət qədər böyükdür. Bu gün Azərbaycan həmin yükdaşıma potensialını daha da genişləndirmək imkanlarına malikdir. Eyni zamanda, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən fəal iştirakçılarından biridir. Bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması nəticə etibarilə region ölkələri arasında bütün sferalarda, xüsusilə də ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar pəncərəsi açmış olacaq”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyanın dəhliz məsələsini gündəmə gətirməsi və bu kontekstdə bununla bağlı manipulyasiya etməsi qarşılığında Azərbaycan Prezidenti çox tutarlı arqumentlərini ortaya qoyub. Tədbirdə moderatorluq edən Vladimir Putin də Azərbaycan Prezidentinin mövqeyini bir neçə dəfə dəstəkləyən yanaşma göstərib.