Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hazırda prosesdə iş üzrə zərərçəkən şəxslərin çıxış mərhələsidir.
Sabahinfo.az musavat.com-a istinadən bilidiri ki, hakim Elbəy Allahverdiyev ilk olaraq sözü zərərçəkən Bahəddin Sultanova verdi. Zərərçəkən bildirdi ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub. Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, özünü də 2 gün qanunsuz olaraq saxlayıblar. Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib. Bundan sonra oğlunu azad ediblər. Zərərçəkən ona vurulan ziyanın geri qaytarılmasını tələb edib.
Zərərçəkən Əhməd Mirzəyev bildirib ki, ona Mövlam Şıxəliyev və digərləri külli miqdarda ziyan vurublar:
"Tələbim odur ki, mənə vurulmuş ziyan ödənilsin. Əks halda, bu adamlara ağır cəza verilməsini tələb edirəm".
Zərərçəkən Mövlam Şıxəliyev və digərlərinə rəhbərlik edən şəxslərin də cəzalandırılmasını tələb edib.
Növbəti zərərçəkən Zaur Əliyev deyib ki, Mövlam Şıxəliyev və hazırda məhkəmə qarşısında olan digər 3 müttəhimdən ibarət mütəşəkkil cinayətkar dəstə göbələk deyil ki, yağışdan sonra ortaya çıxsınlar: "Bu dəstəni yaradan olub. Dövlətin içində bu dəstənin yaradılmasında məqsəd mal-mülk ələ keçirmək, Azərbaycan vətəndaşlarını qanuni tədbir adı altında girov götürüb varidatlarını mənimsəmək olub. Bu mütəşəkkil cinayətkar quldur dəstənin "xaç ataları" bu gün azadlıqdadırlar və bu gün də yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər - sabiq nazir Eldar Mahmudov, keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubov.
Mövlam Şıxəliyev bu "xaç ata"larının yaratdıqları mütəşəkkil cinayətkar quldur dəstənin, sadəcə, MTN-də baş briqadiri olub.
Vəzifəli şəxs olaraq Azərbaycan vətəndaşlarını dövlətin gücündən istifadə etməklə girov götürüblər, dövlətin təcridxanasında aylarla saxlamaqla tələblərinin yerinıə yetirilməsinə nail olublar. İş üzrə 36 zərərçəkən var, azı 30 nəfəri MTN-də girov saxlanılıb, istisnasız hər bir zərərçəkən ondan tələb olunan məıbləği və ya həmin məbləğin cinayətkar mütəşəkkil quldur dəstənin razılaşdığı hissəsini onlara verməyə məcbur edilib.
Hörmətli hakim!
Mən də zərərçəkən olaraq istisna deyiləm. Məni də uydurulmuş ittihamlar girov götürüblər, 3 ay həbs adı ilə girovluqda saxlayıblar. Bu müddətdə ailəmdən 300 min manat pul tələb ediblər. Nəticə etibarı ilə 100 min dollar alıb məni xəstə adı ilə açıb buraxıblar. Bir-iki istisna olmaqla, iş üzrə zərərçəkənlərin hər biri eyni qaydada azad olunub. Bunları niyə xatırladıram?
Baş Prokurorluğun bu iş üzrə 7 il istintaq aparması 1 məqsədə xidmət edib:
- MTN-də bu iş üzrə zərərçəkənlərə qarşı baş verən cinayətlər Eldar Mahmudovun ümumi rəhbərliyi, baş prokuror Zakir Qaralovun rəhbərliyi, onun 1-ci müavini, istintaqa nəzarət edən Rüstəm Usubovun nəzarəti altında törədilib. O zaman MTN İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev və bu gün onunla məhkəmə qarşısına çıxarılanlar sıravi icraçılar olub.
Bu vəzifədən sui-istifadə-korrupsiya mexanizmi 10 ilə yaxın fasiləsiz işləyib.
Baş prokuror Zakir Qaralovun rəhbərliyi, Rüstəm Usubovun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 7 il iş üzrə istintaq aparması vaxt uzatmaqdan başqa bir şey olmayıb. Ortaya qoyulan ittiham aktından belə anlaşır ki, guya bu cinayətləri Mövlam Şıxəliyev təkbaşına törədib. Faktiki olaraq isə belə deyil. Mövlam Şıxəliyev uzağı 3 belə cinayət törədə bilərdi. Ona bu cinayətləri törətmək üçün göstərişlər verilib. Məqsəd pul qoparmaq, varlanmaq olub. Mövlam Şıxəliyev bu "cinayətlər zəncirində"bir halqa olub.
"Cinayətlərə "don geydirən" Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov "trio"su olub"
Ona göstərişlər verilib. Bəli, istəsəydi, qanunsuz göstərişi icra etməzdi. Amma edib və ona quldurluqdan pay düşüb.
Lakin Mövlam Şıxəliyevin icraçısı olduğu cinayətlərə "don geydirən" Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov "trio"su olub.
Şıxəliyev iş üzrə zərərçəkənlərin heç birini özbaşına tutub girovluqda saxlaya bilməzdi. Qanunsuz həbslərə görə onun özünə problem yaradıla bilərdi, işdən çıxarılardı. Bunu etməyiblər. Əvəzində onun qanunsuz vəsatətləri əsasında Rüstəm Usubov təqdimat verib və girov götürülən vətəndaşın taleyi həll olunub. Yerli məhkəmələr də həmin təqdimat əsasında işi öyrənmədən həbs qərarı veriblər. Həbs adlı girovluqda saxlanılan müddətdə isə bizlərlə tələb etdikləri pulu verməmiz üçün danışıq aparılırdı, təzyiq göstərilirdi, zor tətbiq olunurdu. Bütün bu əməllər "cənabın göstərişidir, 100 min manatdan aşağı söhbətə getməyin", "prokurorluq verilən məbləğlə razı deyil", "pulu verməsən, türmədə günə gün yatacaqsan, başına orada oyun açacağıq.
Məhkəmədə bir daha təsdiq olundu ki, mütəşəkkil cinayətkar quldur dəstə təkcə bu gün məhkəmə qarşısına çıxarılan müttəhimlərdən ibarət deyil. Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləridir.
Hörmətli məhkəmə!
Mütəşəkkil cinayətkar quldur dəstənin işi üzrə istintaqın alayarımçıq keçirilməsini niyə deyirəm?
Təsəvvür edin ki, zərərçəkən Əhməd Mirzəyev həbs edilərkən üstündə 2500 manat vəsait olub. Onu qanunsuz olaraq həbs edərkən həmin məbləği götürüblər və protokola salmayıblar. Mənim evimə məhkəmə qərarı olmadan basqın ediblər və qızıl-zinət əşyalarını götürüblər, amma götürmə haqda akt tərtib etməyiblər. Məni qanunsuz olaraq həbs edərkən maşınımı, qolumdakı qızıl saatı və qızıl üzüyümü götürüblər, amma rəsmiləşdirməyiblər. Bu gün də bu məsələlər araşdırılmır və hüquqi qiymət verilmir. Çünki ibtidai istintaq bu məsələlərin üstündən sükutla keçib.
Toplam 189 saat - 10 aydır ki, açıq elan olunan məhkəmə prosesini qapalı keçirdiniz. Bu müddətdə mətbuat nümayəndələri Bakı Hərbi Məhkəməsinin qarşısında onları məhkəmə zalına buraxacağınızı gözlədilər. Sizə, məhkəmə sədrinə jurnalistlər tərəfindən rəsmi qaydada müraciətlər oldu. Hər dəfə bir bəhanə ilə məhkəmənin qapalı keçirilməsini təmin elədiniz. "COVİD-19"u bəhanə elədiniz, sosial məsafə məsələlərini qabartdınız, jurnalistlərin prosesdə iştirakına imkan vermədiniz. Elə bu mütəşəkkil cinayətkar quldur dəstənin uzun illər fəaliyyətdə olmasının əsas səbəbi də cinayətlərin qapalı şəraitdə baş tutmasında idi. Siz bizlərə qarşı qapalı şəraitdə baş verən cinayətləri qapalı şəraitdə araşdırmaq üçün əlinizdən gələni etdiniz.
Məhkəmənin audio-videoçəkilişlə aparılımasına dair vəsatətlərimizi də təmin etməyib qapalılığı bir daha təmin etdiniz.
Məhkəmə prosesləri "örtülü bazar"a çevrildi. Mütəşəkkil cinayətkar quldur dəstənin cinayətlərinin aşkarda araşdırılmaması həmin cinayətlərə obyektiv, tam və hərtərəfli hüquqi qiymət verilməsinin qarşısını alır.
Məhkəmə zalında siz hakimlər, təqsirləndirilənlər, zərərçəkənlərin vəkilləri və bəzi zərərçəkənlər hüquqşünasdırlar. Yəni ali hüquq təhsilli azı 15 nəfər var.
Proseslərdən birində biz zərərçəkənlər Zakir Qaralovla Rüstəm Usubovun iş üzrə şahid qismində dindirilmələrini vəsatətlə tələb etdik. 15 hüquqşünasdan 2 nəfəri - siz və dövlət ittihamçısı istisna olmaqla, hər kəs vəsatəti dəstəklədi. Siz isə təmin etmədiniz. Ötən müddət ərzində biz zərərçəkənlərin, vəkillərimizin verdiyi 1 vəsatəti belə təmin eləmədiniz. Bu gün də 2 zərərçəkmişin təqsirləndirilən şəxslərin əməllərin tövsifinə aid vəsatətimiz sizin tərəfinizdən baxılmamış saxlanıb.
Hər dəfə vəsatət veririk, hər dəfə də baxacağınızı elan edib baxılmamış saxlayırsız.
Var gücünüzlə çalışdınız ki, dövlət başçısının göstərişi ilə darmadağın edilən cinayət yuvası sakinlərinin - MTN-çilərin cinayətləri gizli qalsın.
Sizi təbrik edərəm, buna haradasa nail olmusuz, amma bu mütəşəkkil cinayətkar quldur dəstənin cinayətlərinin miqyası o qədər böyük və əhatəlidir ki, tam şəkildə gizlətmək mümkün deyil.
Möhtərəm cənab Prezident 2015-ci ildə ortaya iradə qoydu, MTN-dəki cinayətkar şəbəkəni dağıtdı.
Siz bu iş üzrə qeyri-obyektiv hökm həmin iradəyə qarşı getməkdir. Bunu sizə bəyan edirəm.
Dövlət ittihamçısı Mövlam Şıxəliyevə 14 il, qalanlarına isə daha az cəza tələb etməklə gələcəkdə belə cinayətlərin baş verməsini stimullaşdırır.
Bu adamlar biz Azərbaycan vətəndaşlarına qarşı Azərbaycan dövlətinin gücünü tətbiq etməklə olduqca böyük varidat ələ keçiriblər. Bunun qarşısında 14 il çox gülünc cəzadır. Bizləri girov götürməklə əldə olunan mal-mülk hesabına dünyanın dörd bir tərəfində özlərinə biznes qurublar, səsləri Türkiyədən tutmuş Dubay, London kimi dünya biznes paytaxtlarından gəlir.
Möhtərəm hakim!
Sizin bu məhkəmə zalında çıxaracağınız hökm ölkə rəhbərliyinə də bəlli olacaq. Ədalətli olun, hökm çıxararkən qanunları əsas götürün. Çıxışımın sonunda Eldar Mahmudovun, Zakir Qaralovun, Rüstəm Usubovun, hakim Əfqan Hacıyevin, MTN İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayev və MTN əməkdaşı Mamay Quluzadənin barəsində qanuni tədbir görülməsi üçün qərar qəbul etmənizi xahiş edirəm. Vəsatətimi indi müzakirə edin və baxılmamış saxlanma haqda qərar çıxarmayın!"
Bundan sonra zərərçəkən Hüseyn Səfərov çıxış edib. O deyib ki, hazırda mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri azadlıqdadır: "Bu gün Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov azadlıqdadır. Məni və digər zərərçəkənləri onlar Mövlam Şıxəliyevin vasitəsilə girov götürüblər. Bizləri girov götürməklə ailələrimizdən külli miqdarda pul aldılar. Məhkəməsiz-filansız mənim ailəmdən 2 milyon dollar pul alıblar. Bu gün də kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bu məhkəmə zalında mənə özü dedi ki, sən də daxil olmaqla 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək. Dedi ki, kişinin sözü bir olar. Bu söhbət 8-9 dəfə təkrarlanıb".
Bu vaxt Mövlam Şıxəliyev müdaxilə etməyə çalışıb, lakin hakim zərərçəkənə deyib ki, fikrini davam etdirsin.
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev zərərçəkən Akif Qurbanovun səsini yazıb və sonradan həmin səsin özünə sərf edən hissəsini məhkəmədə səsləndirib:
- Akif Qurbanov da burada söyüş söydü, dedi ki, həmin səs yazısını tam olaraq yaysın, bilinsin ki, Mövlam Şıxəliyevlə nədən söhbət ediblər. Amma həmin səsi bu ortaya çıxarmadı. Sən bu gün özünü elə aparırsan ki, guya dədən-baban pullu olub. Haradan alıb bu pulları? Bizlərdən alıb. Babaş adlı qohumu bizim pullarımıza qurduqları biznesi idarə edib. Öyrənmişik ki, bunun Elxan Dadaşov adlı şəriki də var. Bunlar bizdən aldıqları pullar hesabına bu gün də heç kimi saymırlar. Mövlam Şıxəliyev bu gün də Bakıda "at oynadır". Bunun Elxan Dadaşov adlı şəriki var. Onunla Nəsimi rayonunda şərikli 13 bina tikib. Həmin binalardan üçü bu dəqiqə də tikilir. Bu gün də onun bacısı vasitəsilə Bakıda 67 mənzil və obyektdən kirayə haqqı yığırlar. Mövlam Şıxəliyevə Elxan Dadaşov Türkiyədə, Beşiktaşda villa tikib. Ora Mübariz Mənsimovun yaşadığı ərazidir. Mövlama Qəbələdə də villa tikdirib. Onun yanında da Elxan Dadaşovun özünün villasıdır. Ünvanları da məndə var. İcazə verin, telefonumu gətirim, fotolarını da sizə təqdim edim. Cənab prokuror, bunları niyə araşdırmırsız? Buna bax, gülür ee, utanmır. Öl yerə gir. Etdiyin cinayətlərdən utan".
Dəmir barmaqlıqlar arxasında olan Mövlam Şıxəliyev zərərçəkənin çıxışına müdaxilə edib, əlindəki su butulkasını zərərçəkənə tullamağa cəhd edib:
- Vuraram başın yarılar..
Zərərçəkən isə onun bu hərəkətinə sərt reaksiya verib:
- Qələt edib atarsan. Şərəfsiz, qurumsaq. Bunun danışıqlarına bax.
- Yalan danışma.
- Yalan sən danışırsan. İllərlə hər gün Elxana qızıl onluq aldırmısan. Bunu da bilirik. "Moskva" Univermağından alıb sənə.
- Belə şey olmayıb.
- Özün yaxşı bilirsən.
"Vicdanınız olsun, kişiliyiniz olsun, heç olmasa durun deyin ki, səhv etmişik, bizi bağışlayın"
Bundan sonra söz alan Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov müvəkkilinin ittiham olunduğu cinayətlər üzrə günahsız olduğunu söyləyib. Vəkilin çıxışına zərərçəkən Bahəddin Sultanov olduqca sərt reaksiya verib:
- Vicdanın olsun. Heç olmasa müdafiə edəndə də haqq-ədalətlə edin. Mənim, buradakı zərərçəkənlərin Mövlamla nə düşmənçiliyimiz, ədavətimiz var ki, onu şərləyək. Və ya Mövlamın atasını öldürmüşəm, onunla düşmənçiliyim var? Vicdanınız olsun, kişiliyiniz olsun, heç olmasa durun deyin ki, səhv etmişik, bizi bağışlayın. Mənim oğlumun günahı nədir ki, bu gün bazarda gedib çınqıl satır. Niyə oğlumu şərlədiniz, bioqrafiyasını korladınız? Sizin övladınız yoxdur? Kim yalan danışırsa, kişiliyi, mənliyi yoxdur. Mövlam Şıxəliyev şərəfsizliyi boynuna götürüb, sənə nə olub?
Vəkillə zərərçəkənin qovğasına hakim müdaxilə edib. Zərərçəkəni zaldan çıxarılmasını göstərişini verib. Elbəy Allahverdiyev bundan sonra prosesi sentyabrın 8-nə qədər təxirə salıb.