Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po¬tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Bu, bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan az saylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində, cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-siyasi mühitə, qısa şəkildə, xronoloji ardıcıllıqla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurla¬rın hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduqca qürurvericidir.
Müstəqiliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradıl¬ması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düş¬düyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə partiyanın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planla¬rın qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.
Dahi rəhbərin anadan olmasının 99-ci ildönümü ərəfəsində bunu qururla bir daha qeyd etmək yerinə düşər ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sar¬sılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri