Son 22 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Bu sahədə normativ hüquqi baza müasir dövrün tələblərinə uyğun və dünyada mövcud müsbət təcrübəyə əsaslanaraq təkmilləşdirilmiş, gənclərə xidmət göstərən, müasir standartlara cavab verən infrastrukturun yaradılması və inkişaf etdirilməsi təmin olunmuşdur.
Bu dövr ərzində 32 "Gənclər evi" sosial xidmət müəssisəsi tikilmiş, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunmuş, 30 Olimpiya İdman Kompleksi və onlarla digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilmişdir. İdmana, idmançılara göstərilən diqqət və qayğı sayəsində təkcə Olimpiya medalçılarının sayı 47 nəfər olmuşdur.
Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilmişdir. Azərbaycanın və dünyanın aparıcı universitetlərində müxtəlif sahələrdə dövlət vəsaiti hesabına təhsil almış gənclərimiz Azərbaycan dövlətinin davamlı inkişafına öz töhfələrini verirlər.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi təsis edilmişdir və hər il müntəzəm olaraq keçirilir.
Dövlətin xüsusi diqqəti nəticəsində könüllülük gənclərin həyat tərzinə çevrilmiş və institusionallaşdırılmışdır. Bu gün Azərbaycanda könüllülük hərəkatına qoşulmuş yüz minlərlə gənc cəmiyyətə təmənnasız xidmət göstərir.
Müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində gəncliyə qayğı məsələləri mühüm yer tutur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.
1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən Ulu Öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxalq gənclər günü elan edilmədiyi vaxtda - 1997-ci ildə Azərbaycanda “2 Fevral - Ümumrespublika Gənclər Günü”nün təsis edilməsi haqqında mühüm strateji qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.
Bu forumlar Heydər Əliyevin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlətin və cəmiyyətin həyatında fəal iştirakına şərait yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu zamanı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. ...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
Və həmin gələcək zaman yetişdi. Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Xalqımızın övladları canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər.
Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda göstərdilər. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsdir.
44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə çiyin-çiyinə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü.
Azərbaycan övladları əvvəlcə cəbhəətrafı kəndlərimizi, ardınca Suqovuşan qəsəbəsini, Cəbrayıl rayonunu, sonra Hadrut qəsəbəsini, Füzuli, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdilər. 2020-ci il noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşa 28 illik işğaldan sonra ordumuzun şücaəti sayəsində istiqlalına qovuşdu.
Mərd oğullarımız müqəddəs şəhərimizi qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı çətin dağlıq şəraitində düşmənlə əlbəyaxa vuruşaraq işğaldan azad etdilər. Gəncliyi tərənnüm edən əsl vətənpərvərlik ruhu budur!
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev gəncliyin şücaətinə böyük qiymət verərək deyib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, 2020-ci ili “könüllülər ili” elan edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyllər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir. Ümummilli lider Heydər Əliyevin yaratdığı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıraları da gənclərin hesabına genişlənir və YAP gənclərin qarşısına xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı məqsədi 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib gəlmiş cənab İlham Əliyevin seçki platformasında da öz əksini tapmışdır. Platformaya əsasən, 2024-2031-ci illərdə gənclər siyasəti sahəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur: Gənclər və idman sahəsində infrastrukturun daha da təkmilləşdirilməsi; Gənclərin elmə və təhsilə həvəsləndirilməsi; Gənclərin idmana və sağlam həyat tərzinə bağlılığının artırılması; Gənclərin sahibkarlıq bacarıqlarının daha da inkişaf etdirilməsi; Gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılması; Könüllülük hərəkatının bütün ölkəni, o cümlədən işğaldan azad olunmuş əraziləri və orada yaşayan gəncləri əhatə etməsi.
Bu gün qətiyyətlə deyə bilərik ki, gənclərimiz ölkə başçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasi kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.
Sabahinfo.az saytının şöbə müdiri
Elnarə Həziyeva