Müdrik siyasətdə Heydər Əliyev zirvəsi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər  Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və gələcəyi  ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsasıdır.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra ölkənin iqtisadi və mədəni inkişafı üçün mütərəqqi addımlar atmağa başladı. Onun rəhbərliyi ilə 1048 sənaye obyekti tikilmiş, kənd təsərrüfatı sahəsində böyük islahatlar aparılmışdır. Ulu Öndər elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirərək, Azərbaycanın gələcək müstəqilliyi üçün əsas təməlləri qoymuşdur.

Bu dövrdə əsas nailiyyətlərdən biri, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Bu məktəb milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynadı və müstəqil Azərbaycanın ordu quruculuğu siyasətinin təməlini təşkil etdi.

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunub saxlanılmasının və ölkəmizin gələcək inkişaf yolunun əsasının qoyulduğu tarixi bir hadisədir.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan üçün yeni bir tarixin başlanğıcı oldu. O, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas etdi. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizin təməli də məhz həmin tarixi dönüş nöqtəsi ilə qoyuldu.

Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafında əlamətdar hadisə oldu. Bu müqavilə ölkəmizin təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə yanaşı, Azərbaycanın qlobal enerji siyasətində mühüm yer tutmasını təmin etdi.

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyev idi. Ümummilli lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Böyük öndərimiz Azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində həmişəlik yaşayır. Dahi şəxsiyyət Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb, dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində ən universal dövlət xadimidir. Görkəmli dövlət xadiminin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Beynəlxalq aləmdə ulu öndər Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.

Arzu Həziyeva