Müharibə veteranlarına verilən müavinətin artırılması təklif edilib.
Sabahinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, müharibə veteranlarına verilən müavinətin məbləği 80 manatdan 130 manata çatdırılmalıdır.
"I və II Qarabağ müharibəsi dövründə 80 mindən artıq müharibə veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa müavinətlərə 50-70 manat məbləğində əlavə mümkün olsun. Müharibə veteranları üçün ayrılan müavinətləri qaza, işığa və nəqliyyata sərf edirlər. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinəti də həmin xərcləri ödəməyi təmin etmir. Söhbət sırf müavinətdən gedir”.