Münasibətlər daha da yaxşılaşacaqdır

Azərbaycan tolerant dövlətdir, bəşəri dövlətdir. Belə bir dövlətlə ikitərəfli münasibətlər hər iki dövlətin istər siyasi, istərsə də iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Siyasi münasibətlər, bir qayda olaraq, iqtisadi münasibətlərin inkişafında başlıca arqument olur. Bu tezis Azərbaycanla Qırğız Respublikası arasında da kifayət qədər yüksək səviyyədə davam etməkdədir.

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanda rəsmi səfərdə oldu. Bu səfər də ikitərəfli münasibətlər müstəvisində tarixləşəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşlə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdi ki, qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə öz təsdiqini tapacaq.

Azərbayan Respublikasının Prezidenti Cənab İlham Əliyev bəyanatda bildirdi: “Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir”

Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcəyini bildirən cənab Prezident qürurla xatıqlatdı ki, böyük Qırğız yazıçısı, Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.

Səfər çərçivəsində ikitərəfli görüşdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu” və s. kimi sənədlər imzalandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışında dünya şöhrətli yazıçının ədəbi nüfuzunun olduqca yüksək olduğunu qeyd edərək dedi: “Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır”...

Azərbaycanla Qırğızıstan arasında münasibətlər həm də ruhi yaxınlıqla bağlıdır...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı