Müstəqil Azərbaycan tarixində ən böyük əfv – Hümanizmə söykənən siyasət – Şərh

“Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin əsas elementlərindən biri olan əfv sərəncamları dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq imzalanır. Mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam minlərlə ailəyə sevinc bəxş etdi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 801 nəfər əfv edildi”.

Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin tarixində əlamətdar hadisə olduğundan əfv sərəncamının imzalanacağı gözlənilən idi: “Prezident İlham Əliyev Ulu Öndərin əbədiyaşar əziz xatirəsini daim dərin hörmət və ehtiramla yad edir, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiqliyini konkret addımlarla ortaya qoyur.  Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri vardır. Həmçinin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilir. Humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən Cənab İlham Əliyev cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq  məhkum olunmuş bir sıra şəxslərin vaxtından öncə azadlığa qovuşmalarını təmin edib”.

Politoloqa görə, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq 801 nəfər əfv edilib: “Onlardan 463 şəxs azadlıqdan          məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan azad edilmişdir. Yayılan məlumatlarda da qeyd olunduğu kimi, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir.  Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib. Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib”.

R.Alıyev hesab edir ki, hümanizmə söykənən bu cür addımların nəticəsində cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir: “Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Bütövlükdə, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər”.