Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Böyük Öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.
Heydər Əliyev deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu
Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
Əminə Ağazadə
Milli Məclisin deputatı