Müstəqil, müasir Azərbaycanın tarixinin mühüm səhifəsi -15 iyun 

"Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən  Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə xidmətin, Vətənə sədaqətin parlaq nümunəsidir. Azərbaycanın həqiqi müstəqilliyinin,  deklarativ deyil, sözün əsl mənasında həqiqi müstəqilliyimizin  əldə edilməsində Ümummilli Liderimiz Heydər Əliyevin  müstəsna xidmətləri olmuşdur. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş  cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin inanılmaz təzyiqlərinə, o cümlədən, beynəlxalq təşkilatların təzyiqlərinə tab gətirə bildi. Azərbaycana “torpaqları itirdiyi reallığı" nı qəbul etmək  barədə sonsuz bəyanatlar verildikdə, o bununla barışmadı, ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını  sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı.    AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Qeyd etmək lazımdır ki,  1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır.

Dahi  Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın  qaçqın və məcburi köçkünün  vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi.    Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.  Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyat keçirilirdi. Sonradan, əlbəttə ki, bir çox ölkələr, ilk növbədə Türkiyə, bir sıra digər müttəfiqlərimiz bizə dəstək oldular,  çox böyük kömək etdilər. Yeri gəlmişkən, Ulu Öndər müdrik uzaqgörənliklə Türkiyə ilə münasibətləri daha da yaxınlaşdırdı.  Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmasını bəyan edirdi. Ümumiyyətlə, Heydər Əliyev Türk dünyasının yenidən güclənməsi üçün çalışırdı. Və biz bu ədəbi qardaşlığın sonradan Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə daha da inkişaf etdiyinin, Türk Dövlətlərinin  bir-birinə daha da yaxınlaşdığının şahidiyik.      

Artıq Azərbaycanın hərbi texnika almaq və ən əsası hərbi müdafiəni, hərbi sənayeni yenidən təchiz etmək, peşəkar kadrlar hazırlamaq imkanı var idi. Bütün bu illər ərzində diplomatik arenada inanılmaz güclü təzyiqlər altında Azərbaycan öz mövqeyini müdafiə edə bilmişdir. ATƏT -in Minsk Qrupu ölkələrinin bölgəsinə sonsuz səfərlər, təklif olunan mümkün kompromis həllər, hamısı rədd edildi, çünki bunlar, ilk növbədə, ölkəni zəiflətmək, əraziləri itirmək  demək idi. Bunu isə Ümummilli Lider  Heydər Əliyev heç bir zaman qəbul etmədi və bu gün də  eyni siyasət Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Azərbaycan müstəqil və suveren dövlətdir, onun ərazi bütövlüyü hər kəs tərəfindən qəbul edilməlidir. Bu idi Ulu Öndərin, Prezidentimizin əsas amalı! Ölkə başçısı İlham Əliyev ölkə iqtisadiyyatını daha da gücləndirdi. Əməkdaşlıq haqqında imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, müxtəlif iqtisadi komissiyaların yaradılması, bütün bunlar Azərbaycanın iqtisadi potensialını ortaya çıxardı. Azərbaycan tezliklə bir  çox nəqliyyat dəhlizinin yaradılmasına təşəbbüs göstərən ölkəyə,  bir çox strateji  layihələrin  müəllifinə çevrildi.  
     

Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycandakı vəziyyəti, onun mürəkkəbliyini və çətinliyini çox gözəl dərk edirdi. O, çox yaxşı anlayırdı ki, öz həyatını, ailəsinin həyatını böyük təhlükəyə atır, lakin buna baxmayaraq, bu böyük dahi insan şərəfli  tarixi missiyanı öz üzərinə götürdü. O, Azərbaycanı vətəndaş müharibəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyun ayında  Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 31 ildir ki, biz 15 iyun Qurtuluş gününü qeyd edirik. Ötən müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, bir zamanlar siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan ölkədən hazırda bölgədə yeni reallıqlar yaradan, dünyaya yeni layihələrlə, yeni təşəbbüslərlə  töhfə verən bir güclü, nüfuzlu ölkəyə çevrildi. 

Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər  bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi ki, “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır - bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik”. O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı.

Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, açılışlar edir, bir zamanlar zorla öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlar böyük həvəs və arzularla öz evlərinə qayidir.  Böyük Qayıdışın reallaşır, Ermənistandan  deportasiya edilən yüz minlərlə insanların haqlarının bərpa olunması, onların öz dədə-baba yurdlarına qaytarılması  istiqamətində  tədbirlər həyata keçirilir.

Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Bu gün  onun yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir və  daha da gücləndirirlər. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Bütün  ömrünü  Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 
professor Hicran Hüseynova