Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.
Narkotik təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotik aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Lakin bütün ciddiliyinə baxmayaraq, bu problem çox incədir və bu səbəbdən ehtiyatlı, balanslı bir yanaşma tələb edir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Bu sahədə fəaliyyət göstərən bir çox mütəxəssislər narkotik asılılığı “biopsixososial-mənəvi xəstəlik” adlandırırlar. Yəni, narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.
Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır.
Narkotik gənc və gələcək nəsil üçün olduqca təhlükəli olduğundan Ulu öndər, ümummilli lider Heydər Əliyev məhz narkomanlığa və narkotik vssitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlətin əsas vəzifələrindən biri hesab edirdi. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Həmin Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olundu. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.
Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmiş, Proqramın icrası müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Təhlil göstərir ki, İsmayıllı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2022-ci il ərzində ümumilikdə 30 cinayət hadisəsi qeydə alındığı halda 2023-cü il ərzində qeydə alınmış bu qəbildən olan cinayət hadisələrinin sayı 20 fakt təşkil etmişdir. Göründüyü kimi, 2022-ci və 2023-cü illər ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınan cinayət hadisələrinin sayında azalma müşahidə edilmiş, bunun səbəbləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı hüquq mühafizə orqanları tərəfindən aparılan mübarizə, habelə rayon ərazisində keçirilən profilaktiki və maarifləndirici tədbirlər olmuşdur.
Hər il Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə İsmayıllı Rayon Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ-hüquqi aktlar rəhbər tutularaq, bir sıra tədbirlər keçirilir, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması məqsədilə zəruri işlər görülür. İsmayıllı rayonunda Əsas diqqət rayon ərazisində narkomanlığın yayılmasının, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, narkotərkibli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq, QİÇS və digər neqativ halların qarşısının alınmasının profilaktikasına yönəlmişdir.
İsmayıllı rayonunda yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunması məsələsi daim diqqət mərkəzində saxlanılmış və saxlanılmaqda da davam edəcəkdir.Təəssüf ki, narkotik bəlasından əziyyət çəkənlərin çoxu gənclərimizdir. Gəlin bu millətin gələcəyi olan gənclərimizi ağ ölümün əlindən alaq, gələcəyimizi birlikdə qoruyaq, öz yaxınlarımızı və gənclərimizi zərərli vərdişlərdən uzaq saxlayaq!
İsmayıllı rayon prokurorunun köməkçisi
İlkanə Cabbarlı