"Regionlarda əldə etdiyimiz nəticələr Azərbaycanın ümumi iqtisadi modelinin əsas dayaqlarındandır"

Bu gün dünya çox sürətlə dəyişir. Qlobal geosiyasi nizamın pozulduğu, yeni güc balanslarının yarandığı və regional münaqişələrin genişləndiyi bir dövrdən keçirik. Enerji təhlükəsizliyi, tədarük zəncirləri və beynəlxalq əməkdaşlıq sahələrində artan risklər fonunda dövlətlərin dayanıqlığı onların düzgün idarəetmə modelindən asılıdır.

Belə mürəkkəb şəraitdə Azərbaycan öz strateji üstünlüyünü ortaya qoyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşmış milli inkişaf modeli ölkəmizin həm təhlükəsizliyinin, həm də sosial-iqtisadi tərəqqisinin əsas dayağına çevrilib. Qarabağda suverenliyin tam bərpası isə Azərbaycanı tamamilə yeni bir mərhələyə – yüksəliş və regional nüfuz mərhələsinə çıxarıb. Bu gün Azərbaycan regionda prosesləri izləyən yox, proseslərin istiqamətini müəyyən edən aparıcı gücdür. Enerji siyasətimiz ölkəmizin etibarlı tərəfdaş imicini daha da gücləndirir və iqtisadi-siyasi təsir imkanlarımızı artırır. Bütün bu nailiyyətlər 2026-cı ilin dövlət büdcəsinin formalaşdırılmasının əsasını təşkil edir. Bu büdcə yalnız maliyyə sənədi deyil, həm də ölkənin inkişaf trayektoriyasını müəyyən edən strateji yol xəritəsidir.

Büdcə gəlirləri artan iqtisadi aktivlik, təkmilləşən vergi-gömrük idarəçiliyi və şəffaflığın yüksəlməsi hesabına formalaşıb. Xərclər isə sosial yönümlülüyü ilə seçilir: təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlər insan kapitalının inkişafına xidmət edir; müdafiə və təhlükəsizlik xərcləri isə ordunun modernləşməsinə və yeni geopolitik çağırışlara uyğunlaşdırılmasına imkan yaradır.

Regionların inkişafına, kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə ayrılan vəsaitlər ölkə iqtisadiyyatının balanslı inkişafını təmin edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri isə dövlətin gücünü və milli həmrəyliyi bir daha göstərir.

Xüsusilə sevindirici məqam ondan ibarətdir ki, artıq Azərbaycanın 66 rayonu öz maliyyə dayanıqlığını təmin edib və bu, Prezident İlham Əliyevin illərdir ardıcıl şəkildə həyata keçirdiyi regionların sosial-iqtisadi inkişafı siyasətinin real nəticəsidir. Bu proqramlar nəticəsində ölkə üzrə 2 milyondan çox yeni iş yeri yaradılıb, 3 300-ə yaxın məktəb tikilib və yenidən qurulub, 700-dən çox xəstəxana istifadəyə verilib, 50-dən artıq idman kompleksi, 18-dən çox aqrar kompleks, həmçinin onlarla sənaye parkı və sənaye məhəlləsi fəaliyyətə başlayıb. Bu göstəricilər təkcə regionların deyil, bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas sütunlardır.

Kənd təsərrüfatına ayrılan xərclərin təxminən 90 faizinin regionlara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 529 milyon manat vəsait nəzərdə tutulması və buğda idxalından asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın strateji iqtisadi siyasətinin mühüm tərkib hissəsidir.

Bütün bu uğurlar bir daha sübut edir ki, regionlarda əldə etdiyimiz nəticələr Azərbaycanın ümumi iqtisadi modelinin əsas dayaqlarındandır və ölkənin sosial-iqtisadi inkişafına güclü təkan verir. Bu siyasət həm reallıqda, həm statistik rəqəmlərdə, həm də insanların gündəlik həyatında öz təsirini aydın şəkildə göstərir.

Aydın Hüseynov

Milli Məclisin deputatı