Akademik İsa Həbibbəyli: “Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub”

Mərkəzi Elmi Kitabxananın Milli Elmlər Akademiyasının, eləcə də Azərbaycan elminin, yeni nəsillərin inkişafında və formalaşmasında müstəsna xidmətləri olub və bugünkü konfransla 1925-ci ildən, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti zamanından fəaliyyət göstərən kitabxananın 100 illik inkişaf yoluna nəzər salırıq.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 21-də Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda akademiya tipli ilk elmi qurum 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanasıdır və burada astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və elmin bir çox sahələrinə dair tədqiqatlar aparılmışdır. Həmin dövrdə Azərbaycanda iki böyük kitabxananın fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, onlardan biri Əbülfəz Naxçıvaninin Gəncədə qurduğu kitabxana olub və burada iki min sayda kitab və əlyazma oxuculara təqdim edilib. AMEA rəhbəri diqqətə çatdırıb ki, digəri isə Marağa Rəsədxanasının kitabxanası olub, burada 400 adda kitab qorunub və bununla da Azərbaycanda Akademik kitabxananın əsası qoyulub.

XX əsrdə Azərbaycanda yenidən Akademik kitabxana işinin formalaşdığını deyən akademik İsa Həbibbəyli 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin qərarı ilə bugünkü Mərkəzi Elmi Kitabxananın sələfi olan Kitabxana-biblioqrafiya bürosunun yaradıldığını söyləyib. Vurğulayıb ki, kitabxananın ilk direkoru Hənəfi Zeynallı qurumun təşəkkülü və inkişafı, eləcə də fondlarının zənginləşməsində mühüm xidmətlər göstərib. Həmçinin görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Baqrinin də bu istiqamətdə böyük töhfələri olub. Sonrakı illərdə bir çox görkəmli şəxsiyyətlərin, alimlərin kitabxananın rəhbərliyində təmsil olunduğunu bildirən AMEA rəhbəri hər birinin öz fəaliyyəti ilə kitabxananın, eləcə də Azərbaycan elminin inkişafına xidmət etdiklərini deyib.

“Ölkəmizin taleyində olduğu kimi, Mərkəzi Elmi Kitabxananın da inkişafında iki mərhələ xüsusi rol oynayır. Bunlardan ilki Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdir ki, bu tarix respublikamızın intibah dövrü olduğu kimi, Akademiyanın da inkişaf mərhələsi kimi yaddaşlarda qalıb, Azərbaycan elmində bir çox tarixi nailiyyətlər əldə edilib, Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, o cümlədən Mərkəzi Elmi Kitabxanada yeni fondlar yaradılıb, kitab ehtiyatı zənginləşdirilib. Mərkəzi Elmi Kitabxananın fəaliyyətində ikinci önəmli mərhələ isə Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə kitabxananın yeni binasının tikilməsi və özünün iştirakı ilə 5 may 2014-cü ildə istifadəyə verilməsidir. Məhz cənab Prezidentin qayğısı nəticəsində bu gün müasir standartlara cavab verən kitabxana qurulmuşdur”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb. Dünyanın 30-a yaxın Elmlər Akademiyasının kitabxanasını ziyarət etdiyini deyən akademik İsa Həbibbəyli heç birinin Mərkəzi Elmi Kitabxananın binası kimi müasir olmadığını, binanın məhz ölkə başçısının tapşırığı əsasında dünya təcrübəsi öyrənilməklə, XXI əsrin modern texnologiyası əsasında tikildiyini bildirib.

AMEA rəhbəri çıxışında vurğulayıb ki, elektron kitabxana anlayışı yeni olduğu üçün ölkəmizdə öz yüksək tempi ilə inkişaf edə bilməyib, klassik ənənələrlə paralel şəkildə inkişaf edib. Texnika elmləri doktoru Hüseyn Hüseynovun kitabxanaya direktor təyin edildikdən sonra elektron kitabxana quruculuğu işinin MEK-də gücləndirildiyini deyən natiq ötən müddət ərzində elektron xidmətlər sahəsində görülmüş işlərə həsr olunmuş üç görüşün keçirildiyini və nəticələrin ictimaiyyətə təqdim edildiyini söyləyib. Akademik İsa Həbibbəyli qeyd edib ki, elektron xidmətləri genişləndirmək üçün Mərkəzi Elmi Kitabxananın maddi-texniki bazası gücləndirilib, yeni texnikalarla işləməyi bacaran kadrlar yetişdirilib və hazırda işlər davam etdirilir.

“Mərkəzi Elmi Kitabxana dünya kitabxanalarına da qoşulub. Əgər ilin əvvəlində dünyanın 81 kitabxanasına qoşulmuşduqsa, artıq bu rəqəm 120-ni keçib. ABŞ, Fransa, Böyük Britaniya və bir çox ölkənin zəngin kitabxanasını onlayn oxuya bilirik və bu proses davam edir. AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxananın Akademiklər zalı yenidən qurulub, Akademiklər fondu, oxu zalı yaradılıb. MEK-in əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycançılıq və müstəqil dövlətçiliyimizin inkişafına dəstək verməkdir və bu yöndə əməli fəaliyyət uğurla davam etdirilir. Mərkəzi Elmi Kitabxana bu gün biblioqrafiyaşünaslıq işində yaxından iştirak edir və sanballı akademik nəşrlər ortaya qoyur. Son illərdə Mərkəzi Elmi Kitabxana, həmçinin öz beynəlxalq əlaqələrini genişləndirib. Başda Türkiyənin Prezident Kitabxanası olmaqla, dünyanın bir çox aparıcı kitabxanaları ilə sıx əlaqələr qurulub, onların təcrübəsindən istifadə etməklə, elektron kitabxana sistemi təkmilləşdirilir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları regionlarımızda da kitabxana quruculuğu prosesində yaxından iştirak edir, öz təcrübələrini mütəmadi onlarla bölüşürlər”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Dövlət başçısının süni intellekt və rəqəmsal inkişafla bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələrək Akademiyada bir çox işlərin həyata keçirildiyini deyən AMEA rəhbəri hazırda elektron arxiv quruculuğu istiqamətində də işlərin sürətləndirildiyini, maddi-texniki bazanın gücləndirildiyini və dekabr ayında istifadəyə verilməsinin nəzərdə tutulduğunu söyləyib.

Natiq qeyd edib ki, 2022-ci ilin oktyabr ayından yeniləşən Akademiya naminə islahatlar həyata keçirilir və inkişaf edən kitabxana elmimizin, Akademiyanın inkişafının göstəricisidir.

Akademik İsa Həbibbəyli çıxışının sonunda vurğulayıb ki, Mərkəzi Elmi Kitabxana Akademiyanın, Azərbaycan elminin inkişafında məsuliyyətli, çətin yol keçib və Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin, alimlərimizin gələcək yol xəritəsi olduğu kimi, kitabxananın da inkişafına işıq salır. Akademik İsa Həbibbəyli bu şərəfli yolda MEK-in kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.