Naxçıvanda 3 mindən artıq fermer əkin sahələrini EKTİS-də bəyan edib

Naxçıvan Muxtar Respublikasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Artıq 3 mindən çox fermer bu sistemdə qeydiyyatdan keçərək əkinlərini elektron qaydada bəyan edib.

Kənd Təsərrüfatı Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, fermerlərin prosesə cəlb olunmasını asanlaşdırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Eyni zamanda, əkin bəyanı prosesinin sürətləndirilməsi üçün rayon və kəndlərdə səyyar xidmətlər təşkil olunur.

Nazirlik tərəfindən keçirilən məlumatlandırma tədbirləri də davam edir. Fermerlər aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumatlandırılırlar.

Hazıradək muxtar respublika üzrə 3446 fermer öz əkinlərini bəyan edib. Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 10 365 bəyan sənədi yüklənib, payızlıq və çoxillik əkinlər üzrə isə 16 313 bəyan işlənib. Ümumilikdə əkin bəyanları isə 7 min hektardan çox əkin sahəsini əhatə edir.

Qeyd edək ki, payızlıq əkinlərin EKTİS-də bəyanı prosesi dekabrın 30-da başa çatacaq. Fermerlərə vaxtında müraciət edərək əkinlərini bəyan etmələri tövsiyə olunur.