“Türkiyənin ilk müşahidə peyki İMECE kifayət qədər önəmli və strateji əhəmiyyətli layihədir”.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Habertürk”ün efirində deyib.
O bildirib ki, nazirlik və digər səlahiyyətli şəxslər sözügedən layihənin ən qısa vaxtda reallaşması üçün əllərindən gələni ediblər:
“Bizim peykin idarəedilməsi sahəsində təcrübəmiz, onsuz da, var idi. Amma istədik ki, daha da irəli gedək və yerli istehsallı müşahidə peyki yaradaq. Ona görə də İMECE-ni yaratmağı qərara aldıq”.
Nazir bildirib ki, İMECE Türkiyənin kosmik sənaye sahəsində ciddi aktor olduğunu göstərəcək:
“Müşahidə peykimizin istehsalında təkcə bizim yox, digər nazirliklərin, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin də xidməti olub”.
M.Varankın sözlərinə görə, müşahidə peyki vasitəsilə müdafiə sənayesi başda olmaqla digər bütün sahələr üçün lazım olan kosmik görüntülər əldə oluna biləcək:
“Başqa sözlə desək, biz dünyanın istənilən yerini görə biləcəyik. Belə demək mümkünsə, İMECE ordumuzun kosmosdakı gözü olacaq. Eyni zamanda, təbii fəlakətlərlə mübarizədə də müşahidə peyki işimizə çox yarayacaq. Beləliklə, Türkiyə daha da güclü olacaq. Biz kosmik sahəni diqqətdən kənarda saxlamayacağıq. İndi dünya ölkələri arasında kosmik sənaye sahəsində rəqabət gedir. Əlbəttə, biz güclü olmalıyıq. Daha da irəli getmək üçün səy göstərməliyik. Ona görə də layihələrimizin davamı hələ bundan sonra da gələcək”.
Qeyd edək ki, İMECE bu gün kosmosa buraxılacaq.
Texniki səbəblərə görə İMECE-nin kosmosa buraxılması iki dəfə təxirə salınıb.