2022-ci ildə dünyada neftə tələbat bu illə müqayisədə 4,5 milyon barel/sutka artacaq.
Bunu Trend-ə "Wood MacKenzie" beynəlxalq konsaltinq şirkətinin neft araşdırmaları üzrə vitse-prezidenti Enn-Luiza Hittl deyib.
Onun sözlərinə görə, "OPEC plus" neft hasilatının 400 min barel/sutka artırılması qərarını 2022-ci ilin sentyabrınadək qüvvədə saxlayarsa, qiymətlərin indiki diapazonda, 70 dollar/barel ətrafında qalacağı gözlənilir:
"Bizim 2021-ci ilin qalan hissəsi və 2022-ci il üçün proqnozlarımız dünya bazarına 1,7 milyon barel/sutka neftin qaytarılması barədə cari sazişi və hasilatın mərhələli şəkildə artırılmasını nəzərdə tutur. Bazar 2021-ci ilin dördüncü rübündə və 2022-ci ildə tələbin artması ilə əlaqədar "OPEC plus"un hasilat artımı göstəricilərini üstələyə bilər. Biz proqnozlaşdırırıq ki, "Brent" markalı neftin qiyməti 2022-ci ildə 67 dollar/barel təşkil edə bilər. Bu, 2021-ci il üzrə proqnozdan aşağıdır".