Azərbaycan Ordusunun erməni təxribatına qarşı layiqli cavabı, əsgərimizin növbəti dəfə düşmənin başına endirdiyi “dəmir yumruq” erməni “cəfakeşlərini” yenidən hərəkətə gətirib. Otuz illik işğala susan “beynəlxalq hüquq qoruyucuları” tərəfindən son əməliyyatlar zamanı tarixi Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın ucaldılması heç cür qəbul edilmir.
Qırx dörd günlük Zəfər savaşından keçən iki il ərzində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməməsinə, bütün bəhanələrlə sülh sazişini imzalamaqdan yayınmasına, yeri gəldikcə bölgədə hərbi, siyasi təxribatlar tötətməsinə heç bir reaksiya verməyən, təcavüzkarın əməllərini sakitcə seyr edən qüvvələr indi Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş təhlükəsizliyini gerçəkləşdirməsinə qarşı çıxırlar. Bu baxımdan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana son səfəri növbəti haqsızlığın zirvə nöqtəsi oldu.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov vurğulayıb. Deputatın bildirdiyinə görə, Nensinin İrəvanda verdiyi bəyanatlar, atdığı addımlar faktiki olaraq ABŞ-ın dövlət kimi nə marağına, nə də nüfuzuna xeyir gətirmir. Azərbaycanı “Ermənistana qarşı ölümcül təcavüzdə” ittiham edən Nensi ABŞ-ın öz sərhədlərindən xeyli kənarda-Əfqanıdstanda, İraqda apardığı əməliyyatlardan və bu əməliyyatlar zamanı minlərlə insanın, məhz mülki şəxslərin qətlə yetirilməsidən də danışsaydı, daha çox ədalətli olardı. Halbuki Azərbaycan daha böyük miqyaslı İkinci Qarabağ savaşında bir mülki erməniyə belə zərər yetirmədi. Beynəlxalq hüququn norma və prinsiplərini özənəməxsus bir şəkildə aliliklə qorudu.
Ölkəmizi erməni abidələrini məhv etməkdə suçlayan ABŞ rəsmisinin əlində bir fakt belə yoxdur. Əgər belə nümunə olsaydı, erməni həyasızlığı Qərb küçələrini göz yaşları ilə “yuyardı”. Amma təcavüzkar erməni yaraqlılarının törətdiyi Xocalı qətliamı, kütləvi qırğınlar, təhqir edilən məscidlər, tarixi abidələr və dağıdılmış Azərbaycan qəbirləri ABŞ-ın da həmsədri olduğu keçmiş Minsk qrupunun və digər beynəlxalq təşkilatların nədənsə “diqqətindən” yayınsa da, bu günümüzdə təkzibolunmaz sübutlarla ortadadır. Özünü insan haqlarının müdafiəçisi kimi təqdim edən ABŞ-ın rəsmi şəxsinin bütün bunları görməzdən gələrək ədalət meyarını bir yana qoyub, erməni mövqeyindən çıxış etməsi heç bir siyasi əxlaqa sığmır.
Daha çox populist siyasətçi kimi tanınan Nensi Pelosinin qondarma soyqırım abidəsi qarşısında doğmasını itirmiş şəxs kimi qeyri-səmimi, saxta ğöz yaşları və yaxasındakı əcaib nişan hər şeydən əvvəl ABŞ-ın Şərq-İslam dünyasında ən güclü hərbi müttəfiqi Türkiyə ilə münasibətlərə qarşı yönəlmiş addımdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı baş verən bu xoşagəlməz hadisə siyasi təxribatdan başqa bir şey deyil. Digər bir tərəfdən NATO və Avropa İttifaqı ölkələrinin enerji daşıyıcıları ilə bağlı indiki həssas dönəmində hər zaman Rusiyanın forpostu kimi tanınan Ermənistanda Qərbin bu bölgədə güclü iqtisadi tərəfdaşı olan Azərbaycana qarşı məsuliyyətsiz bəyanatlar səsləndirməsini isə ən yumşaq şəkildə siyasi naşılıq adlandırmaq olar.
Bu baxımdan, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistanda açıqlamaları və davranışları onun nə qədər ədalətsiz və qeyri-peşəkar siyasətçi olduğunu ortaya qoydu.
Deputat sonda vurğulayıb ki, belə bir naşı siyasətçinin boşboğazlığı kifayət qədər ciddi və sağlam təməllər üzərində qurulan ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz. Pelosinin kin və qərəz dolu zərərli fikirləri ABŞ-ın rəsmi dövlət mövqeyi deyil, bu, palata sədrinin sadəcə erməni lobbisi qarşısında götürdüyü antiAzərbaycan öhdəliyin tərkib hissəsindən biridir. Axı qarşıda ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəlir, Nensi Pelosinin saxta ğöz yaşları ona növbəti seçki uğuru gətirə bilərmi?
Əlavə şərhə ehtiyac var?! deyə millət vəkili bildirib.