Nəqliyyat infrastrukturunun inkişafı hər bir dövlətin prioritet sahələrindən biridir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu yöndə aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Təbii ki, cəmiyyətin davamlı inkişafını nəzərə alaraq nəqliyyat sahəsində də təkmilləşdirmə işlərinin aparılması qaçılmazdır. Bu sahədə mövcud problemlərin həlli isə strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirədə nəqliyyat məsələlərinə dair verdiyi açıqlamalar, Bakının və ümumiyyətlə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, bu sahədə mütərəqqi addımlar atılacaq.
Beynəlxalq nəqliyyat qovşağı kimi Azərbaycanın bu sahəyə diqqət ayırdığını bildirən dövlət başçısı bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi, Azərbaycanı Avrasiyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevirir. Bütün bunların fonunda Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər də ölkənin tranzit potensialını daha da artıracağı istisna deyil. Bu, təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Qeyd edək ki, ölkədə son 20 il ərzində 21 min kilometr avtomobil yolunun tikilməsi, 335 körpü və yol ötürücüsünün istifadəyə verilməsi nəqliyyat infrastrukturunun inkişafında ciddi irəliləyişdir. Eyni zamanda, dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi də Prezidentin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər Azərbaycanın regiondakı logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Prezident İlham Əliyevin vurğuladığı məsələlər bir daha göstərir ki, Azərbaycan hökuməti nəqliyyat sektorunun inkişafına xüsusi önəm verir. Şəhərdaxili nəqliyyat problemlərindən tutmuş beynəlxalq tranzit layihələrinə qədər genişmiqyaslı işlər aparılır. Bununla belə, yeni yanaşmaların və innovativ həllərin tətbiqinə ehtiyac olduğu da aydın görünür.
Vətəndaşların rahatlığına, ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək məsələlər arasında olan nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni proqramların hazırlanması isə gələcək perspektivdən xəbər verir.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı