İsrailin Baş naziri Benyamin Netanyahu Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında ölkəsinin Rusiya ilə Suriya üzrə razılaşmalara görə Ukraynaya yardım göstərməkdə məhdud imkanlara sahib olduğunu bildirib.
O qeyd edib ki, İsrail pilotları və rusiyalı pilotlar “Suriya səmasında bir-birindən minimum məsafədə uçurlar”.
Baş nazir onu da xatırladıb ki, bir neçə il əvvəl İsrail İranın ona qarşı Suriyadan “üçüncü cəbhə açmaq” cəhdlərinə müqavimət göstərmək qərarına gəlib və bunun üçün İsrail Hərbi Hava Qüvvələrini işə salıb.
“Biz Rusiya hökuməti, Rusiya Hərbi Hava Qüvvələri və Suriyadakı Rusiya ordusu ilə bir-birimizin təyyarələrini vurmayacağımız barədə razılığa gəlmişik. Düşünürəm ki, heç bir Avropa ölkəsində Ukraynanı dəstəkləməklə bağlı belə bir vəziyyət yoxdur”, - Netanyahu deyib.
O, qeyd edib ki, hətta bu şəraitdə belə, İsrail Ukraynaya böyük humanitar yardım edir. Netanyahu həmçinin təsdiqləyib ki, İsrail Ukraynaya yüksək texnologiyalı mülki hava hücumu xəbərdarlığı sistemi qurmağa kömək edəcək.